“Türk xalqlarının yaratdığı mədəniyyət dünya sivilizasiyasına öz töhfəsini verəcək” - DEPUTAT ŞƏRH ETDİ

16 Oktyabr 2023 10:51 (UTC+04:00)

“Türk xalqı dünyada ən qədim mədəniyyət nümunələrindən, sivilizasiyalardan birini yaradan xalqlardandır. Hazırda hər nə qədər türk etno-siyasi coğrafiyası çox böyük bir ərazini əhatə etsə də, eyni mədəniyyət, dil, etnik kök üzərində inhisar tapmış bu böyük mədəniyyət bəşər tarixinə verdiyi töhfələrlə həm də dünya mədəniyyətini zənginləşdirib. Buna görə də TÜRKSOY-un yaradılması mühüm bir hadisə idi. Çünki yeni tarixi mərhələdə bu mədəniyyətin yenidən qarşılıqlı şəkildə inteqrasiya edərək, bütövləşməsi dünya mədəni irsini daha da zəngin edəcəkdir. Şübhəsiz ki, bu günlərdə Şuşada TÜRKSOY-un 30 illik yubileyinin keçirilməsi xüsusi əhəmiyyətli bir hadisə idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, türk etno mədəni coğrafiyasına aid olan çoxsaylı ərazilər bu gün türkdilli dövlətlərin inzibati, siyasi sərhədlərindən kənardadır: “Xatırlamaq lazımdır ki, 30 ildə türk mədəniyyətinə, türk musiqi tarixinə mühüm töhfələr vermiş Şuşa şəhəri də Azərbaycanın nəzarətindən kənarda idi. Buna görə də Şuşanın işğaldan azad edilməsi, orada TÜRKSOY-un təşkil etdiyi tədbirlərin keçirilməsi Azərbaycan xalqının ürəyində milli qürur hisləri yaradır. Bu o deməkdir ki, tarixən türk xalqlarının yaratdığı mədəniyyət bundan sonra daha da inkişaf edərək, dünya sivilizasiyasına öz töhfəsini verəcək”.