Şirvanda şəhid Elvin Şıxəliyevin xatirəsi anılıb

14 Oktyabr 2023 22:12 (UTC+04:00)

Vətən müharibəsi şəhidi Elvin Sarvan oğlu Şıxəliyevin anım günü tədbiri keçirilib. Şəhid Elvin və digər şəhidlərin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, xatirələri dərin ehtiramla anılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının, Şirvan Bələdiyyəsinin rəhbərləri, şəhər icra hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açılıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edilib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən söhbət açıblar. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışılıb. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edilib ki, Elvin Şıxəliyev 1995-ci il iyunun 6-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 2020-ci il 14 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Elvin Şıxəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.