"Azərbaycanda həmin dövrdə xaos hökm sürürdü" - Süleyman Mikayılov

12 Oktyabr 2023 11:50 (UTC+04:00)

"Görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi ilk dəfə hakimiyyətə gəldiyi dövrdə 1969-cu ildə geridə qalmış bir Azərbaycan Respublikasını ən qabaqcıl dövlətə çevirdi. Gəldiyi ilk zamanlardan ölkədə bütün sahələrdə genişmiqyaslı işlər başlandı. Ulu Öndər bütün sahələrin inkişafında böyük işlər görüb. Azərbaycanda kənd təsərrüfatının inkişafı bir neçə ildə daha da yüksək səviyyəyə çatdı". SİA xəbər verir ki, bu sözləri YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev -100: Qurtuluşdan Zəfərə gedən yol" mövzusunda keçirilən elmi-praktik konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib.

O bildirib ki, həmin dövrdə Ulu Öndər Qorbaçovun apardığı siyasətə etiraz olaraq istefa versə də, ürəyi Azərbaycanla döyünürdü: "Amma Heydər Əliyevin Bakıda qalmasını istəməyənlər var idi. O da üz tutdu doğma Naxçıvanına. Həmin zamanlar blokada şəraitində olan bir şəhər idi. Heydər Əliyev ilk dəfə aclıqdan, susuzluqdan Naxçıvanı xilas etdi. Çünki Naxçıvan demək olar ki, təcrid olunmuşdur. Ulu Öndər Naxçıvana gəldiyi dövrdən Türkiyə, İran kimi qonşu dövlətlərlə yaxşı əlaqələr qurdu. Naxçıvanda tam sakitçilik bərpa olundu".

"Xalqın təkidi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanı xəritədən silinmək təhlükəsindən qurtardı. Bildiyiniz kimi, Azərbaycanda həmin dövrdə xaos hökm sürürdü. Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı və ölkəmizin parçalanmaq təhlükəsi sovuşdu. Ümummilli lider Heydər Əliyevi hər zaman müasir Azərbaycanın qurucusu kimi xatırlayıram. Ulu Öndər hər zaman qəlbimizdə yaşayacaq",- deyə o əlavə edib.

Ləman Sərraf