Atalar və oğullar: Aradakı soyuq divarların səbəbi nədir? - ARAŞDIRMA

11 Oktyabr 2023 13:41 (UTC+04:00)

Bir uşağın həyatında ana qədər atanın da böyük rolu var. Bəziləri düşünür ki, övladların tərbiyəsində atanın elə də rolu yoxdur. Lakin uşağın formalaşması üçün sərf edilən əməyin 50 faizi anaya düşürsə, 50 faiz də atanın payınadır. Ata obrazı ailəni qoruyan, bütün hallarda çalışan və uşaqların gələcək həyatı ilə bağlı narahat olan obrazdır. Təbii ki, bu, bütün atalara aid deyil. Bu gün kifayət qədər övladlarından xəbəri olmayan, onların problemləri ilə maraqlanmayan və onlara sevgisiz yanaşan atalar var. Fransada aparılan bir araşdırma nəticəsində məlum olub ki, atalar uşaqlarına gün ərzində orta hesabla 12 dəqiqədən az vaxt sərf edirlər. Buna səbəb də onların daim işdə olmasıdır.

Günümüzdə bir çox ata-oğullar ünsiyyət qura bilmirlər. Bəs, ata-oğul münasibəti arasındakı bu soyuq divarlar nədən qaynaqlanır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Mütəxəssislər söyləyir ki, uşaqlarla analar mübahisə etdikdə daha tez barışa bilirlər. Lakin atalarla bu belə deyil. Əsasən də, oğlan uşaqları yeniyetməlik dövründə ataları ilə mübahisə etdikdə, onunla gec barışır. Onlar söyləyir ki, bu atanın övladlarına çox zaman sərf etmədiyindən irəli gəlir. Atalar daim işdə olur və bir çox hallarda evə gəldikdə uşaqlar barədə onların özündən yox, analarından maraqlanırlar.

Gəlin ilk olaraq bir sıra nümunələrə nəzər salaq.

Tanıdığım bir ailə var. Atanın da üç qızı və çox sevdiyi bir oğlu. Ata çox soyuq xarakterdə biridir, əsla hisslərini övladlarına bildirməz. Lakin buna baxmayaraq hər kəs onun oğlunu qızlarından ayırıb başqa bir yerə qoyaraq sevdiyini çox yaxşı bilir. Oğlu nə etsə belə ata onu səssizcə sevməyə davam edir. Bu ata-oğulun söhbətləri uşaqlıqdan bu yana heç vaxt üst-üstə düşməyib. Həmişə əks mövqedə olublar. Nə zaman ortaq məxrəcə gəlib danışmaq istəsələr də mütləq sonu mübahisə ilə bitib. Bir çox tanışları oğula məsləhət görür ki, atandır, onunla dərdləş, danış, ürəyindəkiləri söylə. Oğul isə cavabında, o məni heç vaxt anlamaz, o övladı ilə dost olmağı bacarmır, o başqalarının ataları kimi anlayışlı deyil deyir. Çünki bu ata oğlunu nə qədər çox sevirsə, ona qarşı bir o qədər divarlar hörüb və sevgisini biruzə vermir. Oğul da sanır ki, atası onu heç vaxt sevməyib. Hər kəs ona söyləyir ki, atandır, o da hislərini belə ifadə edir, dilinə alıb söyləyə bilmir, bacarmır. Lakin oğul bu deyilənləri əsla anlamır. O deyir ki, mən atamla problemimi heç vaxt paylaşa bilmirəm, çünki onun gözündə hər zaman günahkar mövqedə olan mənəm. Anlamadan-dinləmədən məni mühakimə edir.


Daha bir ailənin anası isə söyləyir ki, oğlumla yoldaşım bir-birindən çox utanır. Hətta hər ikisi axşam işdən gəldikdə demək olar ki, bir kəlmə belə danışmırlar. Bir-birini çox sevirlər, bunu bilirəm. Amma aralarındakı bu qalın divarları anlaya bilmirəm. Bəzən olur ki, işlə bağlı bir-birindən uzun müddət ayrı qalırlar. Üzbəüz gələndə isə utana-utana öpüşüb-görüşürlər. Onlar heç vaxt dost kimi olmayıb. Oğlumun nəyə ehtiyacı olubsa, hər zaman mənə söyləyib. Çünki atasına bunu deməkdən daim çəkinib.

Eyni ailənin atasına övladına qarşı niyə belə soyuq olduğunu soruşduqda isə, o, mənim canımdan bir parçadır və ona qarşı məsafəli olmağım oğlumu az sevdiyim, yaxud sevmədiyim anlamına gəlməz deyib. Ata deyir ki, bacarmıram, bu da mənim sevgi dilimdir. Biz ata-anamızdan belə görmüşük. Onlar daim deyirdilər ki, uşağa çox üz vermək olmaz, əks halda başına çıxar. Ona görə də oğlumla uşaqlıqdan pərdəli olmuşam. Ama onu çox sevirəm. Bunu ata övladını sevmir kimi başa düşmək doğru deyil, sadəcə sevgisini göstərmək hər kişiyə xas bir xüsusiyyət deyil.

Ata-oğul arasındakı problemin əsas səbəblərindən biri də “Bizim vaxtımızda belə deyildi” ifadəsidir. Belə ki, atalar oğullarından öz dövründəki kimi yaşamağı tələb edir. Çünki o, həmin dövrün insanıdır və övladının da öz yaşadığı kimi yaşamağını istəyir. Valideynlər öz yetkinlik dönəmində edə bilmədiklərini övladlarının da etməsinə icazə vermir. Oğul da buna qarşı çıxdıqda ciddi problemlər yaranır.

Əvvəllər ata-oğul münasibətləri necə idi?

Mütəxəssislər söyləyir ki, 40-50 il bundan əvvəllə indiki ata-oğul münasibətləri arasında ciddi fərqlər var. Belə ki, əvvəllər ata evə girərkən bütün övladları hörmət əlaməti olaraq ayağa qalxar onu salamlayardı. İndi isə ata gəldikdə gənclər heç otağından belə çıxmır, nəinki salamlaşmaq.

Bir insanın tam şəkildə formalaşması üçün yalnız ana deyil, ata sevgisi və dəstəyi də olmalıdır. Lakin bu atanın övladına soyuq divarlar hörməsi ilə mümkün deyil. Övlad atanın dəstəyini sözlər və davranışlarla ürəkdən hiss etməlidir. Bu, əsasən də, oğlan uşaqlarına aiddir. Çünki bir ata oğlan uşaqları üçün modeldir. O nə edirsə, oğlu da onu təqlid etməyə çalışır.

Bəzi kişilərin öz ataları ilə yaxın münasibəti olmayıb. Elə sırf bu səbəbdən də oğullarına qarşı soyuqdurlar. Belə atalar övladları ilə normal söhbət etməyi də bir çox hallarda bacarmırlar. Lakin elə atalar da var ki, buna baxmayaraq oğulları ilə çox səmimi bir dostdur. Onlar deyir ki, “Atam mənlə dost olmayıb, həmişə soyuq olub. Qoy mən öz oğluma bunu yaşatmayım və ona bolca sevgimi verim”.

Dünyada bu barədə vəziyyət necədir?

Afrika mədəniyyətdə atalar uşaqları ilə oynamır. Qorxurlar ki, bu onları nüfuzdan salar. Buna görə də övladları ilə zaman keçirmək və əylənmək onlar üçün çox çətindir.

Atanın oğlu ilə oyun oynaması və zaman keçirməsi bir səbəbə görə də vacibdir. Mişel Fiz adlı tədqiqatçı deyir ki, oğlan uşağı oyun zamanı atası ilə daha yaxşı söhbət edir. Bu zaman ata həm sözləri, həm də hərəkətləri ilə oğluna olan sevgisini ifadə edə bilər. Bununla ata oğluna da hisslərini ifadə etməyi öyrədir.

Atalar övladları ilə birbaşa münasibətə girməlidir. Bunun üçün ananı arada qoymaq lazım deyil.

Ayşən Vəli