2009-cu ildə "Eurovision"un qalibi olmuş belarus əsilli norveçli müğənni Aleksandr Rıbak onu təqib edən stalkeri məhkəməyə verib. SİA xəbər verir ki, o, bu barədə İnstaqram hesabında məlumat paylaşıb.
Musiqiçi evinin yaxınlığındakı videokameralardan çəkilmiş görüntüləri yayımlayıb. Videoda səkidə oturan və sənətçinin əmlakının ətrafında gəzən bir qız görüntülənib.
"Aydın olsun deyə bildirim ki, o, məni izləməyi və bu emosional və fiziki zorakılığı başlamazdan əvvəl o və mən həmkar, hətta dost idik. Mən də onu heç vaxt heç nə ilə “hədələməmişəm”. Sadəcə ona dedim ki, polisə şikayət edəcəyəm və mən bunu etdim", - müğənni bildirib.
O əlavə edib ki, stalker ruhi xəstədir, onun özünə və ya başqalarına zərər verə biləcəyindən narahatdır. Rıbak əlavə edib ki, qız internetdə onun haqqında şayiələr yaymağa başlayıb, həmçinin ona saxta hesablardan 8 mindən çox mesaj göndərib. Onun sözlərinə görə, 2023-cü ilin iyun ayından etibarən məhkəmə qızın sənətçiyə yaxınlaşmasını qadağan edib, lakin bu, ona mane olmur.