Vətən müharibəsi şəhidi Emil Qurbanovun xatirəsi anılıb

10 Oktyabr 2023 19:24 (UTC+04:00)

Ağdam rayonunda Vətən müharibəsi şəhidi Emil Qurbanovun xatirəsi anılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları, məktəblilər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında Emil Qurbanovun məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Mərasimdə 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən danışılıb, şəhidlərin qısa, lakin şərəfli ömür yolunun hər bir azərbaycanlıya örnək olduğu bildirilib.

Qeyd edək ki, Emil Qurbanov 1999-cu il dekabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olub. O, 2020-ci il oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Cəsur döyüşçü ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.