“Müqəddəs Quran baxımından Allah-təala cinləri və başqa müxtəlif varlıqları yaradıb. Sonunda Allah insanı xəlq edib və Quranın buyurduğu, əlimizdə olan tarixi mənbələr, bir çox yazılar göstərir ki, cinlər özünə xas həyat tərzi və müxtəlif məkanlarda yaşamışlar. İndi onların harada yaşaması bizə tam şəkildə məlum deyil. İnsanla cinin demək olar ki, rabitəsi yoxdur. Əksər alimlər bu qənaətdədirlər ki, xeyr insanın bədəninə cin girə bilməz. Amma buna birmənalı yanaşmırlar”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, Allah-təala insanı xəlq edəndə bütün yaranmışlara əmr etdi ki, gedin insana salam verin və səcdə edin: “Bütün varlıqlar Adəmə səcdə etdi, bircə iblis etmədi. Cin tayfasından olan bu varlığa şeytan dedilər. Cin tayfasının da adı iblis idi və altı min il ibadət etmişdi. Allah-təala onu bir məkanda mələklərin rəhbəri təyin etmişdi. Yəni, mələk səviyyəsinə qədər ibadətində Allah-təala ona dərəcə və yüksəliş vermişdi. Allahın əmrinə itaət etmədiyi və eşitmədiyi üçün Allah həmin vəzifədən onu kənar etdi. Onu kürsüdən qovdu. Ona görə şeytana rəcim deyirlər. Bu daşla qovulmuş deməkdir”.
Fuad Nurullayev sözlərinə belə davam edib: “Müqəddəs Quran belə bir təhlil verir ki, şeytah Allaha xitab edərək, “Altı min il ibadət etmişəm və sən ki etdiklərinin müqabilində əvəzini verərəm deyirsən, mənim də istəyim var, əvəzini ver. Ona şərt qoyuldu ki, 3 istəyini icra edə bilər. Biri o idi ki ona əbədi həyat verilsin, Allah qiyamətə qədər ona ömür bəxş etdi, dedi yox əbədisən, ölməməzlik Allaha xasdır. Sən qiyamətə qədər yaşayıb və qiyamətdə də öləcəksən. İkincisi dedi mən müxtəlif formalara və şəkillərə düşüm, bunu da mənə ixtiyar ver. Yəni, həmin iblis heyvan formasına düşə bilər, insan şəklinə düşə bilər, bir çox şəkillərə düşə bilər, oxşarı ola bilər.
Üçüncüsü dedi ki mən insana görə bu məqamdan qovuluramsa, insanın qəlbinə girməyi mənə ver. Məqsədim bunu deməkdir. Sənə sadiq olan, səni istəyən o insanlar ki var mən onları yoldan çıxararam, onları azdıraram. Yəni, heç də əksər alimlər bunu qəbul etmir ki, insanın içinə şeytan girə bilər. İnsanın hisslərini şeytan ələ ala bilər. Şeytan aravuran və araqarışdıran mənası deməkdir.
Bəzi insanlarda müəyyən sinir və əsəb halıyla xəstəliklər əmələ gələndə bəzi dini sahədə olan insanlar məcazi mənada “Bunun canına cin girib” deyirlər. Yəni, cin vurmuş və cin girmiş ifadəsi bir çox millətlərdə əsəbi halda olan adama deyilir. Hətta biz belə insanlar görmüşük ki, ruhi xəstəliyə düçar olub, ruhi pozğunluğu var və ona müxtəlif əsəb və sinirlə bağlı müalicələr edirlər. İndi əsəb həkimləri və sinir sahəsində müalicə ilə məşğul olanlar var. Amma qədimdə bunlar olmadığı üçün müxtəlif türkəçarəçilər, dua yazanlar adamlara deyirlər ki, bunu cin vurub və yaxud bunun canına cin girib. Məcazi mənada bu ifadə işlənilir. Normal düşüncəli elm sahibləri alimlər bunu təsdiq etmirlər. Yəni, Allah-təala cinə elə bir ixtiyar vermir ki, bu insanın tam bədəninə girsin və tam şəkildə insanın bütün fiziki imkanlarını, hər bir şeyini ələ ala bilsin və onu idarə etsin. Xeyr, bu mümkün deyil.
Ərəbistan ölkələrində biz belə işlərlə məşğul olan insanları görürük ki, sadə, avam və savadsız insanları aldadadıb, onlardan müəyyən maddi mənfəətlər əldə edirlər. İnsanın bədəninə cin girməsi ilə bağlı faktlar mövcud deyil. Biz düşünürük ki, birmənalı olaraq sinir pozğunluğu olan insanlar müalicə olunmalıdır. Bunun tibbi yönümü və yolu var. Yoxsa müəyyən şarlatanların, yanlış şəkildə işlərlə məşğul olan insanlara yönəlməsinlər və aldanmasınlar. O şəxslər ki haqqın yolunu tapıblar hidayətdədirlər, Allah-təala özü onlara kömək olsun”.
Ayşən Vəli