“Düşünürəm ki, son zamanlarda zob xəstəliyi, yaranma səbəbləri və müalicəsi ilə bağlı ictimaiyyət kifayət qədər məlumatlıdır. Məlumdur ki, zob xəstəliyi qalxanabənzər vəzinin funksiyasının pozulmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Tibb elmləri namizədi, dosent, əməkdar həkim Tariel Eyvazov deyib.
Onun sözlərinə görə, arıqlamaq, əsəbilik, yorğunluq, tüklərin tökülməsi, müəyyən hallarda əllərin əsməsi baş verirsə müayinədən keçmək məsləhət görülür: “Çünki bunlar zob xəstəliyinin əlamətləri sırasındadır. Aparılan araşdırmalara görə endokrinoloji xəstəliklər əhalinin yoluxması baxımından ikinci yeri tutur. Zob xəstəliyinə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Buna səbəb olaraq isə hamiləlik zamanı müvafiq hormonun hazırlanması miqdarında zəifləmə baş verir və yod çatışmazlığı baş verir. Bu da sonradan əksər qadınlarda zob xəstəliyinin yaranmasına səbəb olur.
Bu xəstəliyə qarşı mübarizə üç formada aparılır. Birincisi ənənəvi dərman müalicəsi, ikincisi ehtiyac olduqda cərrahi müalicəsidir. Son zamanlar isə üçüncü, daha müasir müalicə növü tətbiq edilir. Bu qansız cərrahi müalicə adlanır. Yəni əməliyyat olunmadan radioaktiv yod verilir.
Zob xəstəliyinin elə növləri də var ki, ona yodlaşdırılmış duz vermək olmaz. Eyni zamanda haşimota xəstəliyi də bunun bir növü kimi özünü göstərir.
Hamiləlik dövründə mütləq şəkildə qalxanabənzər vəz nəzarət altında saxlanılmalı, lazım gəldikdə müalicə edilməlidir. Əks təqdirdə həm ananın, həm də dünyaya göz açan qız uşaqlarının sağlamlığına təsir göstərər”.