"Ümumilikdə poçt sahəsində əldə olunan nailiyyətlər çoxdur. Çünki hazırda biznesin, sahibkarlığın inkişafı poçtsuz qeyri-mümkündür. Azərbaycanın poçt şirkətləri də bu sahədə böyük işlər görür. Poçt sahəsinin inkişafı o qədər böyükdür ki, milyonlarla poçt sifarişləri gündəlik olaraq dünyanın hər bir yerinə çatır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının sədri Şaiq Qəribzadə deyib.
Onun sözlərinə görə, artıq son illər elektromobillər, robotlaşmış çatdırılmalar, dronla çatlaşmalar üzərindən iş gedir: "Yəqin ki 10 ildən sonra bu sahə daha çox inkişaf edəcək.
Bu sahədə problemlər ondadır ki, poçt şirkətinin lisenziyasında sərtləşmə olmalıdır. Çünki Azərbaycan kimi balaca bir ölkədə 150 poçt şirkəti fəaliyyət göstərir. Təbii ki, bu çox böyük bir rəqəmdir. Poçt şirkətlərinin sahələşdirilməsi lazımdır. Çünki həm karqo, həm poçt, həm beynəlxalq şirkətlərin hamısı eyni poçt lisenziyası altında fəaliyyət göstərir. Bu da problemlər yaradır".
"Bundan əlavə poçt şirkətinin maşınlarının parkinq cərimələnməməsi zərurətdir. Çünki poçt şirkətləri bağlamaları çatdırdıqda bununla bağlı çox böyük problemlər yaşayır. Ümid edirəm ki, tez bir zamanda bu problemlər öz həllini tapacaq",- deyə o əlavə edib.
Ləman Sərraf