"Səhər-axşam öz evimizə qayıdacağımız günlərin xəyalını qururam" - RƏYLƏR

5 Oktyabr 2023 15:57 (UTC+04:00)

Əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin, soyqırımı aktlarının ardıcıl, sistemli şəkildə tədqiqi Azərbaycan tarixinin ən aktual problemlərindən biridir. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Elə Qərbi Azərbaycan əhalisi də erməni qəddarlığına məruz qalanlardandır. İllərdir, öz tarixi torpaqlarından qovulmuş insanlar yurd-yuvalarına qayıtmaq üçün gün sayırlar. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinlərinin fikirlərini öyrənib.

Qərbi Azərbaycan sakini Tərlan Rzayeva: “Son hadisələrdən sonra Qərbi Azərbaycana qayıdışa bir az da ümidim artdı. Ermənistan da artıq Azərbaycanla müharibənin onlara bir faydasının olmayacağını anlamalıdır. Ümid edirəm ki, tezliklə doğma dədə-baba yurdumuza geri dönərik. Çünki bu bizim haqqımızdır”.

Qərbi Azərbaycan sakini Rəşid Məsimov: “Əlbəttə ki, bir gün Qərbi Azərbaycana qayıdacağımıza inanırıq. Çünki biz Ali Baş Komandanımıza, ordumuza güvənirik. Bir günün içində erməni separatçılarını təslimə məhkum edən xalq, nələri etməz ki?! İnanıram ki, illərdir yuxularımda gördüyüm o yerləri yenidən real həyatda görəcəm. İndi orada kimin qalmağından asılı olmayaraq Qərbi Azərbaycan bizimdir, bizim olacaq”.

Qərbi Azərbaycan sakini Adilə Qabulova: “İlk növbədə Azərbaycan xalqını təbrik edirəm. Çünki xalqımıza qarşı cinayət törədənlər bir-bir öz layiq olduğu yerə göndərilir. Dövlətimiz bu qədər işlər görür. Vaxtilə də nə qədər əzablar çəkmişik. Biz Qərbi Azərbaycanlılar hələ də Vətən dərdi çəkirik. Allahdan ümid kəsilməz. Gün gələr biz də öz torpaqlarımıza qovuşarıq. Bu sözü deyəndə belə ürəyim ağrıyır amma əgər düşmən viran qoymayıbsa, bizə babalarımızın qəbirlərini ziyarət etmək nəsib olar”.

Qərbi Azərbaycan sakini Əşrəf Həsənov: “Mənim ürəyimin bir parçası Göyçədədir. Ola bilər ki, Bakıda yerimiz var. Amma yurdumuz Göyçədir. Bu, heç vaxt dəyişməyəcək. Mən bir-iki xarici ölkəyə getmişəm. İstəyir dünyanın ən gözəl şəhəri də olsa, öz yurdumu əvəz eləməz. Səhər-axşam öz evimizə qayıdacağımız günlərin xəyalını qururam. İnanırsınız ki, onun xəyalı belə gözəldir. Amma Allah bizə gerçəyini yaşamağı da qismət eləsin”.

Ləman Sərraf