“Yuxu dərmanlarını sadədən mürəkkəbə doğru sadalasaq sedatif, antidepressant, trankulizatr və psixotrop preparatlarını nümunə göstərə bilərik. Bu dərmanların bir çoxu mərkəzi sinir sisteminə təsir etdiyi üçün asılılıq yarada bilir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.
Onun sözlərinə görə, bu dərmanlar mütləq şəkildə həkimlər tərəfindən yüz ölçülüb, bir biçilib yazılmalıdır: “Bəzən sırf nevroloqlar və psixoterapevtlər bu dərmanlardan daha çox istifadə edirlər. Biz terapevtlərin istifadə etdiyi isə daha çox sedativ preparatlar, bitki mənşəli sakitləşdiricilər, bəzən də antidepressantlar olur. Hansılar ki təşviş pozuntuları və həyacanı götürür. Lakin sırf yuxu problemi olan insanlarda daha ciddi bir trankulizatrların və psixotrop preparataların başlanılması həkim nevroloqlar, yaxud da psixoterapevtlər tərəfindən təyin olunur. Bu zaman pasientlər ciddi şəkildə müayinə olunmalı və yuxusuzluğun səbəbi araşdırılmalıdır. Çünki burada bir yox, bir neçə səbəblər ola bilər. Pasientlərin həyat rejimindən tutmuş pis vərdişlərinə qədər olan amillər xəstənin yuxusuna, həyat fəaliyyətinə və konfortuna təsir göstərə bilir”.
Sübhan Hacıyev sözlərinə belə davam edib: “O ki qaldı bu dərmanların təyininə, dediyim kimi həkimlər pasientləri müayinə etdikdən sonra xəstənin ağırlıq dərəcəsi, çəkisi və həyat rejimi nəzərə alınaraq dərmanların az dozadan yavaş-yavaş artırılması nəzərdə tutulur. Dərmanın bitmə tarixinə bir az qalmış dozanı azaldaraq ondan çıxış olur. Bəzən pasientlər özlərini yaxşı hiss edib özbaşına bu dərmanların istifadəsini kəsirlər. Bu da asılılıq yaradır. Yaxud da həkimlər tərəfindən təyin olunmuş bir müalicə kursu bitir və ondan sonra kontrol müayinələrə gəlmirlər. Ani bir təşviş pozuntularında da özbaşına bu dərmanlara başlayırlar. Nəticədə mərkəzi sinir sistemində elə bir təlatümlər baş verir ki, pasientlərdə ciddi bir asılılıq yaranır. Bu cür durumlardan isə pasienti xilas etmək həkim üçün də çox çətin olur. Buna görə tövsiyə edərdim ki, bu cür dərmanları həfifə almasınlar. İnsanlar bütün kimyəvi tərkibli dərmanlara ciddi yanaşsınlar və həkim təyinatı olmadan bu dərmanları özbaşına qəbul etməsinlər”.
Ayşən Vəli