Təbii çuğundur şirəsi şəkər xəstəliyinə səbəb olur? - MÜTƏXƏSSİS AÇIQLADI

5 Oktyabr 2023 09:59 (UTC+04:00)

“Qırmızı çuğundur çox faydalı bir tərəvəzdir. Tərkib baxımından 4-12% şəkər, 1.5% zülal, 0.1% yağ və 0.8% dəmir ehtiva edir. Həmçinin tərkibində fol turşusu, A, C, B6, niasin, biotin vitaminləri, maqnezium, selenium, kalium, kalsium, sink, natrium kimi minerallar da mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, qırmızı çuğundur yumrusu (kökü) lif baxımından da çox zəngindir: “Qida sənayesində qatqı maddələri olaraq istifadə olunan təbii piqment istehsalı üçün yaxşı xammaddədir.

Qırmızı çuğundurdan nəinki qida sənayesi, həmçinin tibb sahəsində də istifadə olunur. Qan təzyiqini aşağı salır, ürək-damar sağlamlığı, əzələ gücünü artırmaq, qan dövranını yaxşılaşdırmaq baxımından da çox faydalıdır”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Qırmızı çuğundurun fenol tərkibi də yüksəkdir. Yarpağı betalainlər, flavonoidlər, polifenollar, vitaminlər və fol turşusu ilə zəngin olduğu üçün təbii bir antioksidant qaynağıdır. Çuğundurun qida dəyərini qorumaq üçün dondurucuda 0–4 °C temperaturda bir neçə gün saxlamaq olar.
Tərkibində olan C vitamini immunitet sistemini gücləndirilməsi baxımından, bol lif tərkibi baxımından isə həzm sistemi üçün faydalıdır. Qırmızı çuğundur suyu orqanizmdən toksinlərin xaric olunmasında da müsbət təsirə malikdir.

İdmançılar üçün də faydalı bir qidadır. Orqanizmə daxil olan oksigenin miqdarını artırır və enerji verir.
Bütün bu sadaladığımız faydaları ilə yanaşı digər meyvə və tərəvəzlərdə olduğu kimi çox istehlak edildikdə zərərli ola bilir.

Kalsium səviyyəsinin aşağı düşməsinə, böyrəklərdə zədələnmələrə, qaraciyər problemlərinə, dəridə qızarıqlığa, qan təzyiqinin səviyyəsinin sürətli bir şəkildə aşağı düşməsinə, qan şəkərinin yüksəlməsinə və s. sağlamlıq problemlərinə səbəb ola bilər.

Xüsusilə, mədə xorası və bağırsaq narahatlığı olan və böyrəklərində daş olanlara qəti şəkildə qırmızı çuğundur istehlakı tövsiyə edilmir”.

Ayşən Vəli