"Araikə qarşı çoxsaylı ittihamlar irəli sürüləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

4 Oktyabr 2023 11:48 (UTC+04:00)

“Azərbaycanın dövlət qurumları çox peşəkarcasına uğurlu əməliyyat keçirərək, erməni separatçılarını və onların “lider”lərini Bakıya gətirməkdə davam edir. Şübhəsiz ki, onları Azərbaycan qanunları ilə ciddi mühakimə gözləyir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Araik Arutyunyanın hansı cəza ilə məhkum edilməsi məsələsində Azərbaycan Cinayət Məcəlləsinin bir çox bəndi ilə ittiham irəli sürülə bilər: “Hər şeydən öncə Azərbaycan ərazisinin bir hissəsini mənimsəmək, orada qeyri-qanunu hakimiyyət yaratmaq ittihamı ilə üz-üzə gələcək. Eyni zamanda etnik separatçılıq, Azərbaycan ərazisində qanunlarımızı pozaraq digər vətəndaşlara qarşı cinayət törətmək və onların mülkiyyətlərini mənimsəmək və bu kimi bir çox ittihamlarla cəzasını çəkəcək. Düşünürəm ki, Araik Arutyunyana qarşı çoxsaylı ittihamlar irəli sürüləcək. Çünki onun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Ən əsas ittihamlardan biri isə özünün də müharibə zamanı qəbul etdiyi Gəncə şəhərində törədilən terror aktı olacaq. Bütün bunlar isə nəticə etibarilə onun ömürlük həbsinə gətirib çıxara bilər.

Zənnimcə bütün cinayətlərinə görə Araikin Azərbaycan qanunları qarşısında cavab verməsi ədalətin təntənəsidir. Bu cəza həm də yaxşı bir nümunə olacaqdır ki, bir də heç kim Azərbaycan xalqına qarşı belə cinayətlərə əl atmasın”.