Makronun Korsika yalanı - ANALİZ

2 Oktyabr 2023 17:07 (UTC+04:00)

Prezident Emmanuel Makron Korsikaya iki günlük səfər edib. Yerli məclisdə çıxışında, korsikalılara ölkə konstitusiyasında xüsusi qeyd ediləcəyini deyib və əlavə edib ki, yerli dilin hüquqlarını təminat edəcək. Makron bunu Fransanın Korsikaya həmişə inkar etdiyi muxtariyyətə doğru irəliləyiş adlandırıb. Amma hər kəsi belə bir sual maraqlandırır, adanın və materikin siyasi qüvvələrinin prezidentin təşəbbüsünə reaksiyası necə olacaq.
Sentyabrın 28-də 2015-ci ildən bəri millətçi çoxluğa sahib olan Korsika Assambleyasında çıxış edən Emmanuel Makron "Gəlin respublikada Korsikanın muxtariyyətini qurmaq üçün cəsarət göstərək" deyib. Lakin Makron bunun dövlətə qarşı muxtariyyət və ya dövlətsiz muxtariyyət olacağına aydınlıq gətirə bilməyib.

Qeyd edək ki, bu, Makronun Korsikaya dördüncü və prezident kimi ikinci müddətində onun ən vacib səfəridir. Aralıq dənizində, Fransa sahillərinə nisbətən İtaliyaya iki dəfə yaxın olan bir adanın sakinləri fransızlardan xeyli fərqlənirlər, italiyalılara daha yaxındırlar. 1768-ci ildə Genuya Korsikanı Fransaya verəndən sonra ilk dəfə olaraq Fransa dövlətinin başçısı adaya muxtariyyət verilməsini təklif edib. Bundan əvvəl yalnız Korsika millətçiləri belə bir ehtimaldan danışırdılar. Paris isə zaman-zaman onların azadlıq istəklərini boğmaq üçün əlindən gələni edib. Gərginlik bu gün də davam edir. Korsikallarla fransızlar arasında gərginlik bütün sferalarda özünü göstərir. Filmlərdə “Mən fransız deyiləm, mən korsikalıyam” ifadələri tez-tez eşidilir, muxtariyyət və müstəqillik tərəfdarları adada açıq və gizli fəaliyyət göstərirlər. Korsika Milli Azadlıq Cəbhəsi (FLNC) bu gün də Fransaya qarşı üsyana hazırdır.

FLNC 2014-cü ildə silahlı mübarizədən əl çəkib və onu siyasətlə əvəzləyib. 2015-ci ildən yerli millətçilər adada seçkilərdə qalib gəliblər. Fransadan olan siyasi partiyalar burada uğur qazana bilməyiblər. 2018-ci ildən bəri ada Fransanın əksər bölgələrindən daha geniş hüquqlara malik “Korsikanın ərazi kollektivi” kimi xüsusi status qazanıb, lakin tələblər getdikcə artıb. 2022-ci ilin mart ayında 61 yaşlı korsikalı millətçi İvan Kolonna Fransada Arles şəhərindəki həbsxanada öldürülüb. O, adada mərkəzi hökumətin nümayəndəsi, prefekt Klod Erinnaka qarşı terror aktına görə ömürlük həbs cəzasını çəkirdi. Zindanda cinayətkardan çox qəhrəman sayılan Kolonnanın qətli daha çox həbsxana işçilərinin səhlənkarlığı ucbatından fransız məhbus tərəfindən törədilib.

Bir həmyerlinin ölümü Korsikanı sarsıdıb. Korte, Ajaccio, Bastia və Calvidə iğtişaşlar baş verib və polislə şiddətli toqquşmalara çevrilib. Daha sonra Daxili İşlər Naziri Gerald Darmanin iğtişaşları təcili olaraq yatırmağa çalışıb, əvvəlcə Korsikanın geniş muxtariyyət əldə edə biləcəyindən danışıb. O vaxtdan bəri prezidentin hazırkı səfərini hazırlayan Daxili İşlər Nazirliyinin rəhbərinin adaya çoxsaylı səfərləri zamanı bu ehtimalla bağlı danışıqlar aparılıb.

Təbii ki, səfər hökumətlərarası danışıqlar, xüsusən də millətçilərə təslim olmaq kimi qələmə verilməyib. Emmanuel Makron Korsikaya 1943-cü ildə italyan faşistləri və alman nasistlərindən azad edilməsinin 80 illiyini qeyd etmək üçün gəlib. Korsikalıların fəal müqaviməti sayəsində ada Avropada ilk azad Fransız ərazisi olub. Amma səfərin əsl mənası hər kəsə aydındır. İyulun əvvəlində Paris Korsika Assambleyası tərəfindən regionun təklif və tələbləri ilə qəbul edilmiş sənəd alıb. Fransız siyasətçiləri onların bəzilərini qəbul etməyə hazırdırlar, digərlərinin isə konstitusiyaya uyğunluğu sual altındadır.

Birinci tələb konstitusiyada Korsika xalqının mədəni və milli xüsusiyyətləri ilə qeyd olunmasıdır. Bu, çox güman ki, həyata keçiriləcək və bu, regionun ciddi mərkəzləşdirilmiş dövlətdə xüsusi rolunu möhkəmləndirəcək. Bununla belə, yerli siyasətçilər Korsika dilinin dövlət dili kimi konstitusiya tərəfindən tanınmasını da tələb edirlər. Prezident statusunu yüksəltməyə razıdır. “Bu misilsiz konstitusiya tanınması sayəsində ümid edirəm ki, korsika dili... hər bir korsikalının həyatının ürəyinə çevrilə bilər”, - deyə dövlət başçısı Ajacciodakı parlament tribunasından çıxışında təsdiqləyib. Korsika dilinə həm təhsildə, həm də ictimai həyatda daha çox yer ayrılır.
Korsikada korsika dilinin istifadəsi təbii olaraq heç bir etiraza səbəb olmur və praktikada şübhəsiz ki, təkcə mədəni deyil, həm də inzibati tanınma istiqamətində addımlar atılacaqdır. Amma hər kəs regional dili konstitusiyaya daxil etməyə hazır deyil. Fransa vahid, strukturlaşdırılmış və qorunan fransız dili ətrafında qurulub. Korsika dövlət statusu alsa, Breton, Oksitan və ya kim bilir ərəb dili məsələsi ortaya çıxacaq.

Digər bir məsələ isə “Korsika sakinləri”, yerli əhali və ya adada 5, hətta 10 il fasiləsiz yaşadıqdan sonra bu statusu əldə edənlər üçün xüsusi statusun tələb olunmasıdır. Yerli siyasətçilərin dediyi kimi, “sakinlər” evlərə və torpağa sahib olmaqda imtiyazlara malik olacaqlar ki, Korsika daşınmaz əmlakında qiymətləri adalıların özləri üçün əlçatmaz həddə çatdıran spekulyasiyalar dayandırılacaq.

Millətçilər də işə qəbulda korsikalılara üstünlük verilməsini müdafiə edirlər. Qanunvericilər çətin ki, bununla razılaşmasınlar, çünki bu, ən azı “azadlıq, bərabərlik, qardaşlıq” simvolik triadasından bərabərliyi təhlükə altına qoya bilər. Bir çox şəhər və kommunaların öz açıqlanmayan imtiyazları var, lakin heç bir yerdə qanun kimi yazılmayıb.

Ümumiyyətlə, millətçilər Korsika üçün Yeni Kaledoniyanın “xarici ərazisi”nin sahib olduğu xüsusi imtiyazlı mövqeyə nail olmaq istəyirlər. Korsikalılar əraziyə tam sərəncam vermək hüququnu alana qədər onlar tədricən mövcud hüquqlara yeni hüquqlar əlavə etmək niyyətindədirlər. Onlar yalnız müdafiə, ədalət, daxili təhlükəsizlik məsələlərini və mərkəzi hökumətin tabeliyində vahid valyutanı saxlamağa hazırdırlar.

Prezident Makron artıq aydın şəkildə bəyan etdi ki, sənədin bütün bəndləri ona uyğun gəlmir və Korsikanın siyasi qüvvələrinə “altı ay” təklif edib ki, əvvəlcə öz aralarında, sonra isə mərkəzi hökumətlə “konstitusiya və üzvi” razılaşma əldə etsinlər. “Adanın statusunu dəyişdirmək üçün mətn” adlanan sənəd daha sonra Parisdə təqdim olunacaq.

İstənilən halda belə mühüm dəyişikliklər Korsika Assambleyasından fərqli olaraq nə Korsika millətçilərinin, nə də prezident blokunun çoxluğa malik olmadığı Fransa parlamentində müzakirə olunacaq. Adanın yeni statusu əvvəlcədən hər kəsin xoşuna gəlmir. Skeptiklər, məsələn, Senatın Respublikaçılar qrupunun prezidenti Bruno Retaillot, artıq eyham vururlar ki, dotasiya olunan bölgə maksimum imtiyazları əlindən alaraq Parisə sosial yardımı öz əlində saxlamağa imkan verəcək.

V.SALAH