Göbeklitəpədə yeni əsərlər aşkar edilib

30 Sentyabr 2023 19:02 (UTC+04:00)

12 min illik tarixi ilə diqqətləri cəlb edən Göbeklitəpədə ilk boyalı heykəl, Karahantəpədə isə insan heykəli tapılıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, qazıntıların davam etdiyi Şanlıurfadakı Göbeklitəpə və Karahantəpədə yeni tarixi əsərlər gün üzünə çıxarılıb.
Daş Təpələr layihəsi çərçivəsində bu il 9 arxeoloji sahədə aparılan qazıntı işləri nəticəsində insan və heyvan heykəlləri aşkarlanıb.
Göbeklitəpədə aparılan qazıntılar zamanı əhəng daşından düzəldilmiş çöl donuzu heykəli tapılıb.
Səthində qırmızı, ağ və qara piqment qalıqlarının olduğu əsər bu günə qədər tapılan ilk boyalı heykəldir.
Karahantəpədə aparılan qazıntılar zamanı da bir insan heykəli aşkar edilib.
Ölü insanı xatırladan heykəlin tapıldığı ərazidə həmçinin divara yerləşdirilmiş quş heykəli və daş lövhələr aşkar edilib.