Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivinin bir il müddətinə uzadılmasına qərar verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasından verilən yazılı məlumatda bildirilib. Məlumatda ukraynalılara verilən müvəqqəti qoruma müddətinin 4 mart 2024-cü il tarixindən 3 mart 2025-ci il tarixinə qədər uzadılmasına dair təklifin qəbul etdiyi vurğulanıb.
Jurnalistlərə açıqlama verən Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson bildirib ki, Avropa İttifaqına üzv ölkələrdə 4 milyona yaxın ukraynalı var.
İlva Yohansson qeyd edib ki, bu insanlar əmək bazarına uğurla inteqrasiya olunublar.
İ. Yohansson həftədə təxminən 250 min insanın Aİ-Ukrayna sərhədindən keçdiyinə diqqət çəkib.
Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələr müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivini aktivləşdirmək üçün siyasi konsensus (razılıq) əldə ediblər.
Bu çərçivədə ukraynalılar Aİ ölkələrində yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana və işlə təmin oluna bildilər.