“Qənirə xanımın amalı hamının köməyinə çatmaq və kömək etmək idi” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

29 Sentyabr 2023 16:03 (UTC+04:00)

“Qənirə xanım haqqında danışmaq çox çətindi. Qənirə xanım çox gözəl insan, zəhmətkeş, səmimi və vətənpərvər bir xanım idi. O, gördüyü bütün işləri sevə-sevə, məhəbbətlə edirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, Qənirə Paşayevanın bütün başlanğıclarının sonu uğur idi: “Onun tək amalı dövlətə, Vətənə faydalı olmaq idi. Bu gün biz Qənirə xanımı itirmişik və geriyə dönüb baxanda görürük ki, həyatdan işıqlı gözəl bir insan köçdü. Sağlığında da onun amalı da bu idi. O istəyirdi ki, nə vaxtsa həyatdan köçəndə hamı onu yaxşı xatırlasın”.

Qənirə xanımın fəaliyyətinə diqqətçəkən Milli Məclisin deputatı mərhum həmkarının onlarla yazdığı kitabları, türk xalqına böyük məhəbbətlə həsr etdiyi əsərlərini xatırladıb: “Biz onlara baxır və qürur hissi keçiririk ki, Azərbaycanın belə bir xanım deputatı, millət vəkili olub. Qənirə Paşayevanın xalq arasında çox müsbət obrazı var idi. Qənirə xanımın amalı hamının köməyinə çatmaq və kömək etmək idi”.