"Paşinyan Rusiyanı hədəfə alır" POLİTOLOQ ŞƏRH ETDİ

29 Sentyabr 2023 15:21 (UTC+04:00)

“Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri dövlətin bu bölgədə nəhayət ki, suverenliyini bərpa etməsi, habelə seperatçı rejimin məğlubiyyəti və özünü buraxması Ermənistanda, onun siyasətinə havadarlıq edən xaricdəki bəlli dairələrdə əsl şok effekti doğurub”. Bunun SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Qarabağdakı seperatçı rejimin bu səpkidə sonluğuna, habelə buradan başlanmış və getdikcə kütləvi xarakter kəsb edəcək ermənilərin köç etməsinə Ermənistan cəmiyyətinin millətçi kəsimi, xaricdəki erməni diasporu Paşinyanı məsul bilir, bütün ittihamlar ona yönəldiblər: “Əvvəlki seçkilərdəki məğlubiyyətinə görə revanş götürmək üçün əlverişli şəraitdən yaralanmağa çalışan erməni müxalifəti özünün konyuktur maraqları naminə istifadə edərək iqtidara qarşı ölkə daxilində başlamış etiraz aksiyalarını məharətlə yönləndirir, Paşinyanın Rusiya ilə münasibətlərinin kəskinləşdirilməsi istiqamətində atdığı addımlar isə aksiyalarda geosiyasi faktorların olduğunu da düşünməyə əsas verir. Yaranmış mürəkkəb və son dərəcə gərgin şərait Paşinyanı "günahkarlar axtarmağa", baş vermiş olaylara görə bütün məsuliyyəti onların üstünə qoymağa məcbur edir. Paşinyanın Qarabağda ermənilərin "etnik təmizləməyə" məruz qalması barədə gerçəklikdən uzaq, ifrat yalanları daxili auditoriyaya və əlbəttə, onu yönəldən erməni diasporuna ünvanlanıb, zira onu təqsirli bilən bu tərəflərlə anlaşmağa, ümumi düşmənə qarşı mübarizədə kompromisə gəlməyə çalışır. Baş nazirin bu bəyanatında informasiya müharibəsinin doğura biləcəyi effektdən yararlanmaq istəkləri də var. Əvvəla Baş nazir rəsmi Bakını Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində Qərbdəki havadarları, xüsusilə, Makron Fransası vasitəsilə beynəlxalq təzyiqləri gücləndirməyə çalışır, digər tərəfdən ABŞ-ın, onu hakimiyyətə gətirən Sorosçuların sifarişi ilə Rusiyanı gözdən salmağa, Ermənistanda anti-Rusiya ovqatını daha da gücləndirməyə və beləliklə, Rusiyanın aralanmaq istiqamətində apardığı siyasətə cəmiyyətdən kart blans almaq istəyir”.
E.Manafov onu da bildirdi ki, Paşinyan Qarabağ ermənilərinin müdafiəsinə məsul olan Moskvanı məhz bu bəyanatı ilə növbəti dəfə hədəfə alır: “Rusiyanı bu "etnik təmizləmə" əməliyyatlarına göz yumduğuna, vaxtında əməli tədbirlər görmədiyinə görə qınayır. Paşinyanın bu bəyanatı, həm də ona görə düşündürücüdür ki, rəsmi Bakını "etnik təmizləmədə" ittiham edib, sonradan onunla Arenada da sülh danışıqlarına getməyi nə erməni cəmiyyəti, nə də Qərbdəki dairələr, o cümlədən erməni diasporu bağışlamaz. Zira "zavallı ermənilərə" qarşı "etnik təmizləmə"əməliyyati" aparan tərəflə sülh danışıqlarına getməyi gerçək siyasət reallqlarından uzaq kütlə başa düşə bilməz, digər tərəfdən, Ukrayna ordusunun əks hücum tədbirlərinin Qərbin gözləntilərini doğrultmadığı kontekstində istisna deyil ki, Qərbdə Cənubi Qafqazda da Rusiya ilə geopolitik qarşıdurmanı gücləndirmək üçün Paşinyana belə bir sifariş verilmiş olsun, yəni tərəfləri sülh danışıqlarına aparan yoldan, hələlik, kənarda qalmağı”.