TRT ''Emmy'' mükafatına layiq görülüb

28 Sentyabr 2023 20:29 (UTC+04:00)

Türkiyə Radio və Televiziya Qurumu (TRT) dünyanın ən nüfuzlu mükafatı olan ''Emmy'' mükafatına layiq görülüb.
"TRT World" tərəfindən hazırlanan "Off the Grid" sənədli serialının Ukraynada çəkilən "Ukraine Wartime Diaries'' bölümü Beynəlxalq ''Emmy'' mükafatlarının "Xəbər və Aktual Məsələlər" kateqoriyasında mükafat qazanıb
SİA-nın əldə etdiyi məlumata görə, mükafat Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən mərasimdə sənədli filmin prodüserləri Mouhssine Ennaimi və Aleksandre Pauliata təqdim edilib.

Mükafat mərasimində iştirak edən TRT Baş direktorunun müavini Ömər Faruk Tanrıverdi deyib: "Təbii ki, çox xoşbəxtik. Aldığımız bu mükafat "TRT World"ün beynəlxalq jurnalistika və yayımdakı uğurunun sübutudur. Bütün dostlarımızı təbrik edirəm. Xüsusilə ''Off The Grid'' komandası başda olmaqla əməyi olan hər kəsi təbrik edirəm''.

"TRT World" kanalının koordinatoru Bora Bayraktar da öz növbəsində deyib:"Bu mükafat "TRT World" kanalının nə dərəcə uğurlu olduğunu və beynəlxalq standartlarda iş gördüyünü göstərdi. Bu, Amerikanın ən nüfuzlu mükafatlarından biridir. İlk dəfədir ki, Türkiyə istehsalı olan bir sənədli film bu mükafata layiq görülüb''.

Ukraynada çəkilən sənədli film müharibənin dağıdıcı üzünü heyranedici şəkildə tamaşaçılara çatdırmaqla yanaşı, Rusiya ordusunun çəkilməsi ilə Ukraynadakı mülki əhalinin həyatındakı dəyişikliyə toxunur.