27 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Kardiovaskulyar cərrahiyyə şöbəsinin ürək-damar cərrahı, professor Dr. Çağatay Engin və Medicana İnternational İzmir Xəstəxanasının ürək-damar cərrahı, professor Dr. Suat Büket Naxçıvan Dövlət Universitetində qarşılıqlı əməkdaşlığa dair dəyirmi masada və tələbələrlə görüşdə iştirak ediblər. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tibb fakültəsinin yaranma tarixi, fəaliyyəti müddətində bu universittein qazandığı nailiyyətlər və Türkiyənin və Avropanın qabaqcıl tibb müəssislələri ilə yaradılan əməkdaşlıq barədə danışıb.
Elbrus İsayev qeyd edib ki, tibb sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində tələbələrin xarici ölkələrin qabaqcıl tibb müəssisələrində rotasiya proqramlarında, təkmilləşdirmə kurlarında iştirakı daim təşkil edilir. Görüşdə Naxçıvan Dövlət Universitetinin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı, Türkiyənin Ege Universiteti və Medicana İnternational İzmir Xəstəxanası ilə sıx əməkdaşlıq məsələləri müzakirə olunub.
Daha sonra Dr.Rəşad Mahmudov, professor Dr. Çağatay Engin və professor Dr. Suat Büket Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşdə iştirak edib, öz təcrübələri ilə bölüşüb və tələbələrə öz tövsiyyələrini veriblər.