“Xidmətlər Zərfinə 775 sayda yeni tibbi xidmət əlavə olunub”

28 Sentyabr 2023 12:30 (UTC+04:00)

“Xidmətlər Zərfinə 775 sayda yeni tibbi xidmət əlavə olunaraq 3315-ə çatdırılmışdır. Bu əlavə və dəyişikliklər zamanı beynəlxalq təcrübə, ixtisaslı həkimlərin rəyləri, müvafiq tibb müəssisələri tərəfindən təqdim edilən sorğu nəticələri, vətəndaş müraciətləri, Agentliyin struktur bölmələrindən daxil olan təkliflər nəzərə alınmışdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinov deyib.

Şöbə müdiri Xidmətlər Zərfindəki tibbi xidmətlərin artırılmasının üstünlüklərinə də toxunub: “Yenilənmiş tibbi xidmətlər vətəndaş və həkimlər üçün faydalı olmağa yönəlib. Vətəndaşların öz maliyyə vəsaiti hesabına sığortadan kənar xidmət alması hallarının azalması, tibb müəssisələrinin maliyyə dayanıqlığının artırılması, tibbi xidmətləri əlçatan etməklə xəstəliklərin erkən aşkarlanması, yeni xidmətlər hesabına həkimlərin daha çox həvəsləndirici əlavə almaq imkanı yenilənmiş Xidmətlər Zərfinin üstünlüklərindəndir”.