"“Omikron" ştammının mutasiyası davam edir“ - İNFEKSİONİST AÇIQLADI

25 Sentyabr 2023 12:25 (UTC+04:00)

“Hava-damcı yolu ilə yayılan xəstəliklər bütün dünyaya qısa müddətdə yayıla bilər. Biz qloballaşan dünyada yaşayırıq və hazırki dövrdə təyyarə ilə dünyanın bir ucundan digər ucuna gedib çıxa biliriksə, istənilən hava-damcı yolu ilə yayılan xəstəlik də tez bir zamanda bütün dünyanı əhatə edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, pandemiya bitsə də, hələ də "Omikron" ştammının mutasiyası davam edir: “Periodik olaraq ayrı-ayrı ölkələrdə müxtəlif mutasiya ştammının yaratdığı kiçik epidemik ocaqların olduğunu görürük. Azərbaycanda da yaz aylarından başlayaraq, müxtəlif qripə bənzər xəstəliklər də müəyyən hallarda bununla izah olunur.

Ümumulikdə isə pandemiya xaric hər zaman respirator xəstəliklər payız fəslində artır. Hesab edirəm ki, bu dövrdə insanlar pandemiya təcrübəsindən yararlanmalı və düzgün qorunmalıdırlar”.