Məlumdur ki, bəzi insanlar iynə vurma prosesinə dırnaqarası yanaşır. Belə ki, ev şəraitində öz yaxınlarına və özünə iynə vuranların sayı kifayət qədərdir. Bəs, bu cür səhlənkarlıqlar hansı fəsadlara yol aça bilər? SİA mövzu ilə bağlı Məlhəm Beynəlxalq Hospitalın Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri, həkim-terapevt Sübhan Hacıyevin fikirlərini öyrənib.

Həkim bildirib ki, həkim kolleqalarının antibiotik iynəsindən sonra anafilaktik şok yaşayaraq həyatını itirməsi onları dərindən üzüb: "Bu hadisə məsələni daha da aktuallaşdırdı. Anafilaktik şokdan heç kim sığortalanmayıb. Çünki bir çox dərmanlar, xüsusilə də antibiotiklər, qeyri-steroid iltihab əleyhinə preparatlar, bəzən bizə çox sadə görünən ağrıkəsicilər, bir çox yüksək dozda olan vitaminlər hər bir insana kəskin allergik reaksiya və sonunda anafilaktik şok yaşada bilər. Ona görə də bu dərmanların xüsusilə inyeksion formaları hər zaman xəstəxana şəraitində və acil bölmələrində olması tövsiyə olunur. Çünki kəskin allergik reaksiya yaşayan insana dərhal tibbi xidmət göstərilməlidir ki, onu bu vəziyyətdən çıxarıb anafilaktik şok yaşamasının qarşısını alsınlar. Çünki anafilaktik şok ildırım sürəti ilə gedə bilən bir reaksiya olduğu üçün bəzən hətta ünvanlarda bu hal yaşandığı zaman Təcili Tibbi Yardımın dəqiqələr ərzində ora gəlib çatması mümkün olmur. Nəticədə insanlar səhlənkarlıq səbəbindən həyatlarını itirmiş olurlar".
Sübhan Hacıyev sözlərinə belə davam edib: "Tövsiyə edərdim ki, hər bir insan öz orqanizmini doğru-düzgün tanısın. Əgər nə vaxtsa yüngül bir allergik reaksiya belə yaşayıblarsa (xüsusilə də dərmanlar səbəbindən), bunu özlərində qeyd etsinlər. Mütləq şəkildə həkimə də bu barədə məlumat versinlər. İnyeksion formada dərmanlar xəstəxana, yaxud poliklinika şəraitində vurulsun. Çünki yalnız bu yerlərdə insanları xilas etmək olar. Unutmayın ki, bəzən xəstəlik deyil, səhlənkarlıq insanları öldürür".
Ayşən Vəli