"BMT-dəki müzakirələr Azərbaycan həqiqətlərini çatdırmağa imkan yaratdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

23 Sentyabr 2023 10:16 (UTC+04:00)

"BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclasında Azərbaycanın əleyhinə heç bir sənədin qəbul olunmaması Ermənistanın növbəti fiaskosu oldu. Döyüş meydanında ağır məğlubiyyətə düçar olan Ermənistanın diplomatiya sahəsində də artıq manevr imkanı yoxdur. İclasdan əvvəl Nikol Paşinyanla Fransa prezidenti Makron arasında baş tutan telefon danışığı Ermənistanda bəzi siyasi dairələrdə BMT-dəki müzakirələrə ümidlər yaratsa da nəticə olmadı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, iclasda bir neçə ölkə, xüsusən də Fransa və Almaniyanın əsassız ittihamları da heç nəyi dəyişmədi: "Əksinə, dünya bir daha “xristian klubu”nun riyakarlığını gördü.

Bu müzakirələr zamanı bir daha Azərbaycanın haqlı mövqeyi diqqətə çatdırıldı.

Rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyəti açıqlandı. Əsaslı faktlar, fotolar və digər sənədlərlə sübut olundu ki, Azərbaycan antiterror tədbirləri zamanı yalnız hərbi obyekt və infrastruktura zərbə endirib. Mülki əhali və obyektlər hədəfə alınmayıb. Yəni, məqsəd yalnız terrorçuları zərərsizləşdirmək olub ki, bu da Azərbaycanın suveren hüququdur".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanın öz ərazilərində reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri BMT nizamnaməsinə uyğun şəkildə həyata keçirilib və məqsəd ölkəmizin suverenliyini, təhlükəsizliyini təmin etmək olub: "Ermənistan tərəfi isə bu dəfə də dünya birliyini dezinformasiyalara inandırmağa cəhd etdi. Lakin Ermənistan XİN başçısı antiterror tədbirləri zamanı mülki şəxslərin zərər görməsi ilə bağlı heç bir fakt təqdim edə bilmədi və özünü, ölkəsini ifşa etdi.

BMT TŞ-daki müzakirələrin Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiya ilə bağlı dialoqu fonunda keçirilməsi Azərbaycanın əsas üstünlüklərindən biri oldu. Müzakirələrə qədər artıq reinteqrsiya planı təqdim olunmuş, Qarabağ ermənilərinin humanitar yardım xahişinə Bakı müsbət cavab vermişdi. Eyni zamanda Ermənistan baş naziri tərəfindən verilən, Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmaması və onlara qarşı kütləvi zarakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığının ictimai şəkildə təsdiq edilməsi də BMT-dəki müzakirələrdə Yerevanın əleyhinə işlədi.

Bununla da Azərbaycan məhz BMT tribunasından bütün beynəlxalq tərəfdaşların diqqətinə çatdırdı ki, qeyri-qanuni hərbi mövcudluq ciddi təhlükə idi və Azərbaycan bunun qarşısını almaqla bölgənin təhlükəsizliyini təmin etmiş oldu".

Ləman Sərraf