Sevastopol ingilis raketləri ilə vurulub...

23 Sentyabr 2023 00:01 (UTC+04:00)

...Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasının qərargahına hücumu rəsmən təsdiqləyib. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamentinin məlumatına görə, uğurlu hücum nəticəsində hədəf vurulub.

SİA-nın “RosSMI”-ə istinadən verdiyi məlumata görə, Sevastopolda binanın alışması ilə nəticələnən hücumdan sonra bir rus əsgəri hələ də itkin düşmüş hesab olunur.

Rusların iddiasına görə, Ukrayna tərəfindən atılan raketlərdən yalnız biri hədəfə dəyib. Rusiya rəsmiləri atılan raketlərdən beşinin vurulduğunu bildiriblər.

Qeyd edək ki, Britaniya və Fransa istehsalı olan və SCALP kimi tanınan raketlərin tədarükü haqqında qərar Qərb ölkələrinin müharibə zamanı ən səs-küylü çağırışlarından biri olub.

Onu da qeyd edək ki, bu səs-küyə səbəb uzaq mənzilli silahların Rusiya torpaqlarında istifadə oluna biləcəyi qorxusu ilə bağlı idi.

Bu arada Ukrayna tərəfi Rusiya Qara Dəniz Donanmasının qərargahına hücum üçün ingilislərin “Storm Shadow” raketlərində istifadə etdiyini bəyan edib.

Yeri gəlmişkən Ukrayna Silahlı Qüvvələri hücumdan sonra Rusiya Qara Dəniz Donanmasının yanan qərargahının görüntülərini nümayiş etdirib.

Ağasəf Babayev