ÜST Liviyaya 29 ton dərman və tibbi avadanlıq çatdırıb

22 Sentyabr 2023 18:06 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrın 8-də daşqın baş verən Liviyanın şərqində xəstəliklərin aşkarlanması və epidemiyaların qarşısının alınmasına diqqət yetirdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu arada ÜST-nin sözçüsü Marqaret Harris Liviyadakı sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Liviyanın seldən zərər çəkmiş şərqində ən əhəmiyyətli sağlamlıq probleminin təmiz suya çıxış olduğunu ifadə edən Harris fəlakət qurbanlarının olduğu yerlərdə əsas sağlamlıq xidmətlərinə çıxışın vacibliyinə diqqət çəkib.

Fəlakət qurbanlarını istifadə etdikləri suyun mənbəyini bilməyə çağırdıqlarını qeyd edən Harris bölgəyə su təmizləyici tabletlər də göndərdiklərini və suda hələ də "çirklənmə və zəhərli kimyəvi maddələr" şübhələrinin olduğunu vurğulayıb.

Harris bildirib ki, ÜST Liviyanın daşqından zərər çəkmiş bölgələrinə 29 ton dərman və tibbi avadanlıq çatdırıb:

"Xüsusilə təmiz suya, gigiyena və kanalizasiyaya çıxış olmadıqda vəziyyətin pisləşmə ehtimalı daha da artır. Ciddi epidemiya və itkilərdən qaçmaq üçün ilkin olaraq bunları təmin etməyə diqqət yetirməliyik. Ölkədə daha yaxşı səhiyyə sistemini bərpa etmək üçün çalışmalıyıq".

Son bir neçə gündə milli və beynəlxalq qruplar tərəfindən 450 nəfərin xilas edildiyi məlumatını paylaşan Harris yerli tərəfdaşlarından aldıqları məlumatlara görə, 3 min 998 adamın həyatını itirdiyini, 9 mindən çox insanın isə hələ də itkin düşdüyünü bildirib..