“Yardım olmasa, müharibəni uduzacağıq...”

21 Sentyabr 2023 22:38 (UTC+04:00)

Məlum olduğu kimi, ABŞ Konqresinə səfər edən Zelenski, burada həm Bayden administrasiyasının siyasətini dəstəkləyən qanunvericilərlə, həm də daha skeptik respublikaçılarla görüşüb.

Bundan əlavə, Ukrayna prezidenti respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının rəhbərliyi ilə görüşüb, həmçinin Senatın qapalı iclasında çıxış edib.

Qeyd edək ki, Cozef Bayden administrasiyası Konqresdən Ukraynaya əlavə 24 milyard dollar yardım ayırmağa çalışır. Amma məsələ bundadır ki, Nümayəndələr Palatasında və Senatda bir sıra respublikaçılar bunun zəruriliyini şübhə altına alırlar.

Məsələn, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti deyib ki, o, Zelenskiyə tələbin təmin ediləcəyinə söz verə bilməz.

“...Artıq ayrılmış vəsaitlə bağlı hesabat varmı? Qələbə planı varmı? Məncə, amerikalılar bunu bilmək istəyirlər”.

Bunları deyən Makkarti, Ukrayna prezidenti ilə görüşdən sonra danışıqları “yaxşı” və “məhsuldar” adlandırıb.

Senat çoxluğunun lideri Çak Şumer qeyd edib ki, Zelenski ona Ukraynanın yardım almadığı təqdirdə müharibəni uduzacağını söyləyib. Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri, respublikaçı Maykl Makkol bildirib ki, Ukrayna prezidenti iclasda əksinə, qələbəyə əminliyini ifadə edib, bu yolun bir hissəsi ABŞ-dan yeni yardımların ayrılması olmalıdır.

Makkalın sözlərinə görə, Ukrayna lideri ilk növbədə “F-16” qırıcıları və ATACMS uzaq mənzilli raketlərin tədarükü xahiş edib.

Qeyd edək ki, Kapitoli ziyarət etdikdən sonra Zelenski Pentaqona gedib və orada ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə danışıqlar aparıb.

Yeri gəlmişkən, Zelenskinin ABŞ prezidenti Cozef Baydenlə də görüşü gözlənilir.

Ağasəf Babayev