“Ailə Məcəlləsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, qəyyumluq və himayə Ailə Məcəlləsinin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur: “Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilə bilərlər.
Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.
Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (qəyyum (himayəçi) ola bilməzlər”.
Turan Abdullazadə sözlərinə belə davam edib: “Qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun (himayəçinin) məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ var.
Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir. Müavinətin məbləği hazırda 120 manatdır”.
Ayşən Vəli