"Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən, terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak oldu və yaralandı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi obyektləri məhv etdi: "Ermənistanın iddia etdiyi kimi heç bir mülki obyekt hədəfə alınmadı.. Ermənistandan fərqli olaraq biz bunu heç zaman etməmişik.Əksinə əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə və səsgücləndirici texniki vasitələrlə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi.
Baş verən hadisə bir daha göstərdi ki, Ermənistan çirkin niyyətlərindən əl çəkmək istəmir. Öz havadarlarına güvənərək daha çox Azərbaycan vətəndaşını qətlə yetirməyə, bölgədə vəziyyəti daha da gərginləşdirməyə çalışdı".
C.Məmmədov sözlərinə davam edərək bildirib ki, Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı: "Öz havadarlarına güvənərək hər gün bölgədə vəziyyəti daha da gərginləşdirdi. Təəssüf ki, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana dur demək əvəzinə daha çox Azərbaycana təzyiq etməyə çalışdılar. Bununla bölgədə vəziyyəti daha da gərginləşdirdilər, Ermənistanı yeni təxribat və cinayətlərə sövq etdilər. Bu gün bölgədə vəziyyətin gərginləşməsinə görə Ermənistan qədər onlar da məsuliyyət daşıyırlar. Azərbaycan çox səbir etdi. Bu səbrin bir hüdudu da olmalıdır. Azərbaycan qədər heç bir dövlət bu təxribatlara bu qədər səbir və dözüm nümayiş etdirməzdi.
2020-ci ildən bu günə qədər olan dövrdə Azərbaycan keçmiş münaqişənin dinc yolla həll olunması üçün çox çalışdı. Dəfələrlə müxtəlif platformalarda görüşlər keçirildi, bəyanatlar verildi.
Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etdi. Lakin onlar hər dəfə bundan imtina etdilər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirdilər. Bunun üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalı idi və belə də oldu".
Ləman Sərraf