“Təhsildəki islahatlar müsbət nəticələrini verəcək” - EKSPERT AYDINLIQ GƏTİRDİ

20 Sentyabr 2023 14:52 (UTC+04:00)

“Azərbaycanda təhsilin inkişafı, təhsilin keyfiyyətinin artırılması istiqamətində çox ciddi işlər aparılır. Azərbaycan təhsilindən dövlətin gözləntiləri var. Ümumiyyətlə Azərbaycan təhsili hər zaman prioritet məsələ olaraq cənab Prezident İlham Əliyevin diqqətindədir. Ölkəmizdə təhsil sahəsində böyük işlər görülür və bu işlərin nəticəsini bir neçə il sonra görəcəyik. Bu gün Azərbaycan təhsilinin uğurları yalnız qəbul və buraxılış nəticələri ilə ölçülə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

Onun sözlərinə görə, bütövlükdə təhsil alanların uğurları kifayət qədərdir: “Bu gün Azərbaycan məktəblilərinin səsi dünyanın nüfuzlu ali məktəblərindən gəlir. Məktəblilərimiz hər il yüzlərlə beynəlxalq olimpiadalarda uğur qazanır, yüksək nəticələr əldə edirlər. 10-15 il əvvələ qayıtsaq, bu cür uğurlarımıza rast gələ bilmərik. Lakin indi hər il ötən ilin uğurlarını kölgədə qoyur, məktəblilərimiz hər il böyük uğurlar qazanaraq, bizləri sevindirirlər.

Bu il balların aşağı düşməsinə səbəb isə universitetlərdə qəbul yerlərinin kifayət qədər artması idi. Çünki hər il təhsilin əlçatanlığının artırılması istiqamətində də işlər aparılır. Dövlət sifarişli yerlərin sayı artdıqda daha çox nəticə əldə etmək mümkün olur. İstənilən halda gənclərin təhsil ala bilməsi üçün görülən tədbirlər təqdirəlayiqdir. Bütövlükdə hazırda təhsil sahəsində aparılan islahatlar bir neçə il ərzində öz müsbət nəticələrini göstərəcək”.