Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Rabatda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan müharibədən sonra öz tarixinin mühüm mərhələsində” mövzusunda dəyirmi masa təşkil edilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib ki, tədbir Mərakeşin Keçmiş Müqavimətçilər və Azadlıq Ordusunun Keçmiş Üzvlərinin məsələləri üzrə Ali Komissarlıqla əməkdaşlıq çərçivəsində keçirilib.
Dəyirmi masaya Mərakeş hökumətinin və parlamentinin üzvləri, ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Ali Komissarlığın üzvləri, veteranlar, Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının təmsilçiləri, beyin mərkəzləri, universitetlər və media təşkilatlarının nümayəndələri qatılıblar.
Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov tədbir iştirakçılarına Azərbaycanın tarixi, müstəqillik uğrunda mübarizəsi, ölkə ərazisinin Ermənistan tərəfindən işğalı, 44 günlük Vətən müharibəsinə dair ümumi məlumat verib. O, Avropa, Yaxın Şərq və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın strateji geosiyasi mövqeyi və böyük güclərin əhatəsində olan ölkə kimi üzləşdiyi təhdidləri diqqətə çatdırıb. Təqdimatda Birinci Qarabağ müharibəsi, Azərbaycan ərazilərinin işğalı, ermənilərin törətdiyi vəhşiliklər, o cümlədən Xocalı soyqırımına istinad edilib.
Səfir həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin erməni işğalından azad edilməsi, beləliklə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğuna diqqət çəkib. Hazırda davam edən danışıqlar prosesi, müharibədən sonra mövcud humanitar problemlər, xüsusilə də mina təhdidi, Qərbi Azərbaycan icmasının üzləşdiyi çətinliklərə də təqdimatda geniş yer verilib.
Diplomat eyni zamanda, ölkəmizin müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən geniş bəhs edib, habelə Mərakeş-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində qurulmasında 1994-cü ildə Kral II Həsənlə Prezident Heydər Əliyev arasında Kasablankada keçirilmiş tarixi görüşün rolunu xüsusilə vurğulayıb. Azərbaycan ərazilərinin işğaldan azad edilməsində və ərazi bütövlüyümüzün bərpasında Ali Baş Komandan İlham Əliyevin tarixi roluna istinad edilib.
Sonda səfir Nazim Səmədov Azərbaycan və Mərakeş arasında xüsusilə iqtisadiyyat, enerji, turizm və investisiya sektorlarında qarşılıqlı əməkdaşlıq imkanlarına toxunub, potensial prioritetlərə xüsusi olaraq yer ayırıb
Tədbirdə çıxış etmiş Mərakeşin Keçmiş Müqavimətçilər və Azadlıq Ordusunun Keçmiş Üzvləri məsələləri üzrə Ali Komissarı, Dünya Veteranlar Federasiyasının prezidenti Əl-Mostafa Əl-Ktiri tarixi yaddaş mövzusunun həssaslığı və əhəmiyyətinə toxunub, Azərbaycan və Mərakeşin tarixi, ənənəvi dostluq əlaqələrinə istinad edib və hər iki xalqın oxşar tarixi paylaşdığına diqqət çəkib. 1994-cü ildə hər iki dövlətin liderlərinin tarixi Kasablanka görüşünə istinad edən Əl-Mostafa Əl-Ktiri bu görüşün ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib. Münasibətlərin gücləndirilməsində mühüm xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin bu əlaqələrin canlandırılması üçün əlverişli imkan rolunu oynadığına da istinad edib. Azərbaycanla Mərakeşin bir çox oxşar cəhətlərinin olduğunu deyən Ali Komissar hər iki ölkə üçün ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin fundamental əhəmiyyət kəsb etməsi, ölkələrdə mədəni müxtəliflik mühitinin hökm sürməsi, mədəni və dini irsin zənginliyini buna nümunə gətirib.
Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Mohammed Fakiri Ulu Öndər Heydər Əliyevin iki dost ölkə arasında münasibətlərin genişləndirilməsindəki xidmətlərindən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini deyən M.Fakiri Azərbaycan-Mərakeş əlaqələrinin daha da gücləndirilməsi üçün əlverişli imkanların olduğuna vurğulayıb, siyasi münasibətlərin yüksək səviyyəsinin eyni zamanda iqtisadi, mədəni sahələrdə də inkişaf etdirilməsinə təkan verə biləcəyini bildirib. M.Fakiri rəhbərlik etdiyi Assosiasiyanın iki ölkə arasında əlaqələrin genişləndirilməsinə töhfə verməyə hazır olduğunu söyləyib, xüsusilə qarşılıqlı səfərlərin, birgə layihələrin əhəmiyyətinə toxunub.
Dəyirmi masada çıxış edən digər natiqlər ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.