“Qarabağda törətdilən son qanlı təxribatın günahkarları təkcə erməni terrorçuları deyil, həm də onların hüquqazidd hərəkətlərinə dəstək verən beynəlxalq güclərdir”. Bunu SİA-ya açıqlamasında “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov dəyib.
Onun sözlərinə görə, BMT TŞ-nın iclasında keçirilən müzakirələrdə Qarabağ ermənilərini girov götürən bir qrup cinayətkara dəstək verənlər bu bəyanatlardan sonra terrorçuların daha da azğınlaşacağını anlamalı idilər: “Başa düşməli idilər ki, Qarabağdakı erməni separatçıları və onlara dəstək verən Ermənistan hakimiyyəti sülh sazişinin imzalanmasına mane olan əsas tərəflərdir. Məhz onların pozuculuq fəaliyyəti nəticəsində ötən il imzalanması mümkün olan razılaşma bu il də yekunlaşmaya bilər. Qərb dövlətləri nəhayət gözlərini açıb görməlidirlər ki, Qarabağ separatçıları Azərbaycan tərkibində yaşamağı qəbul etməyəcəklərini söyləməklə beynəlxalq hüququn əsas prinsiplərini ayaq altına almış olurlar. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan edən və Praqa bəyanatına qol çəkən Ermənistan digər tərəfdən Qarabağ ermənilərinə “humanitar yardım şouları” təşkil etməklə sülh prosesini uzatmaqla məşğul olur. Bu cür təxtibatçı hərəkətlərin qarşısı dərhal alınmalıdır. Əks halda sülh danışıqları hələ xeyli uzanacaq, onlarla günahsız insan erməni terrorunun qurbanı olacaqdır”.