"Yay mövsümünün sonuna çatmağımıza baxmayaraq hələ də insanlarımız dənizə yollanır. Bəli, bilirik ki, dəniz suyu minerallarla zəngin və orqanizm üçün faydalıdır. Lakin burada çimməyin də öz kriteriyaları var". Bu sözləri SİA-ya açıqlamasında Məlhəm Beynəlxalq Hospitalın Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri, həkim-terapevt Sübhan Hacıyev deyib.
Onun sözlərinə görə, ilk olaraq bilmək lazımdır ki, dəniz suyunda bir dəfəyə 15-20 dəqiqədən çox qalmaq o qədər də faydalı deyil: "Çünki bu zaman orqanizmdə dəri vasitəsilə ifraz olunan toktik maddələr dəridə qalır, yuyulmur və sonra reabsorbsiya (yenidən sovrulma prosesi) olunaraq təkrar sovrulur. Bunun üçün dənizdən çıxdığımız zaman yuyunmağımız önəmlidir.
Eyni zamanda, dəniz suyunun hərarəti 20-25 dərəcədə olmalıdır. Xüsusilə də, su 20 dərəcədən aşağı olduğu zaman orqanizmdə ciddi soyuma hipotermiya dediyimiz bir vəziyyətə gətirib çıxarır. Bu da bir çox infeksion xəstəliklərə yol açmış olur. Hətta çox ciddi reanimasyon şəraitdə müalicə almağımıza belə gətirib çıxara bilər. Bu səbəbdən də insanlara tövsiyə edirəm ki, soyuq payız və qış aylarında dəniz suyunda çimib orqanizmi möhkəmləndirmək kimi miflərə inanmasınlar. Normal temperaturlarda isti duşdan çıxıb bir dəqiqə ərzində soyuq duş alaraq ürək-damar sistemimizi möhkəmləndirə bilərik".
Ayşən Vəli