“Prezident cənab İlham Əliyevin Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatların tədbirlərinə fəxri qonaq kimi dəvət olunması ölkə başçımızın güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. 14 sentyabr tarixində Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur: “Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Prezident İlham Əliyevin son iki ildə Mərkəzi Asiya dövlətlərinə 9 dəfə səfər etməsi ölkə başçımızın region dövlətləri ilə sıx əməkdaşlıq qurulmasına böyük əhəmiyyət verdiyinin nümunəsidir.
Düşənbə şəhərində keçirilən Məşvərət görüşündə Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud siyasi və iqtisadi əlaqələrdən, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək layihələr barədə çıxış etdi”.
Deputat sözlərinə belə davam edib: “Son dövrlər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi, ticari əlaqələr artmaqdadır. Ötən il Azərbaycanla Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artmışdır. Birgə sənaye fondları yaradılmışdı və növbəti 3 ildə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcminin artırılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatının və sənayenin bir çox sahələrində, eləcə də gəmiqayırma sahəsində çoxsaylı layihələr həyata keçirilir. Bu gün Mərkəzi Asiya dövlətlərinin şirkətləri Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərirlər.
Azərbaycanda nəqliyyat-logistika sahəsində böyük layihələr icra edilmişdir. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin Türkiyə və Avropa bazarlarına çıxışı üçün tranzit ölkə və qapıdır. Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun Mərkəzi Asiyadaki qardaş dövlətlər üçün hər zaman açıq olduğunu vurğuladı.
Azərbaycanda Qərblə Şərqi birləşdirən müasir və iqtisadi cəhətdən səmərəli nəqliyyat-loqistika şəbəkəsi yaradılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalar üçün ən səmərəli bir marşrut xəttidir. Bu marşrut vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır. Qürurla söyləyə bilərik ki, Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına malikdir. Azərbaycanın imkanlarından istifadə edərək Mərkəzi Asiya dövlətlərindən Avropaya daşınan yüklərin həcmi artacaq ki, bunun nəticəsində bu ölkələr öz iqtisadiyyatlarını xeyli yüksəltmiş olacaqlar.
Prezident cənab İlham Əliyevin siyasəti ölkəmizlə yanaşı dünya dövlətlərinin və xalqlarının sülh, əminamanlıq, rifah halında yaşamalarına xidmət edir”.
Ayşən Vəli