Rusiyada hərbi təlimə start verilib

18 Sentyabr 2023 19:34 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi ölkənin şimal-şərqində “Finval-2023” adlı hərbi təlimin başladığını açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun rəhbərliyi ilə keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib.

Açıqlamada taktiki təlimin Berinq dənizində, Çukotka sahilləri və yarımadada keçirildiyi, təxminən 10 min hərbçinin və 50-dən çox hərbi texnikanın, o cümlədən gəmilər, sualtı qayıqlar, təyyarələr, helikopterlər və sahil raket sistemlərinin təlimə qatıldığı bildirilib.

“Təlimlərin bütün hissələri müdafiə xarakterlidir və Rusiyanın şimal-şərq sərhədlərində əməliyyatlar üçün qüvvələr və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəlib”, - deyə məlumatda qeyd edilib.

“Finval-2023” təliminin nə vaxt başa çatacağı ilə bağlı məlumat verilməyib.