Məlumdur ki, 44 günlük Vətən müharibəsi Müzəffər Ordumuzun qələbəsi ilə nəticələndi. Doğma torpaqlarımız cənab Prezidentimizin iradəsi, rəşadətli Ordumuzun gücü və Şəhidlərimizin canı, qanı bahasına düşmən tapdağından azad edildi. Bəs, gəlin görək torpaqlarımızın işğaldan azad edilməsi gənclər üçün nə ifadə edir? SİA mövzu ilə bağlı gənclər təşkilatlarının nümayəndələri arasında sorğu edərək onların fikirlərini öyrənib.
Arzu Məmmədova "Miqrasiya Könüllüsü" İctimai Birliyinin sədri: "Azərbaycanın regionda sülh və təhlükəsizlik şəraitində yaşamaq niyyətinə baxmayaraq mənfur qonşumuz Ermənistan çirkin əməllərindən vaz keçmir. Vətən müharibəsindəki qələbəmizi həzm edə bilməyən ermənilər zaman-zaman Qarabağ bölgəsində, sərhədlərimizdə təxribat törətməyə can atırlar. Onların tarixən azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, təcavüz siyasəti, vandalizm aktları, 30 il işğal altında saxladıqları Qarabağda törətdikləri eko-terror, atəşkəsi pozmaları, xalqımıza qarşı törətdikləri vəhşiliklər heç zaman unudulmayacaq. Onların törətdikləri bu vəhşiliklər cavabsız qalmayacaq. Ermənistanın istər beynəlxalq müstəvidə, istərsə də cəbhə xəttində törətməyə çalışdıqları əsassız təxribatlara Azərbaycan dövləti, qəhrəman əsgərlərimiz tərəfindən həmişə layiqincə cavab verilir.
Bu cavabın ən layiqlisi işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma işləridir. Müharibədə dəmir yumruq kimi liderinin ətrafında sıx birləşib qələbə qazanan xalqımız bu gün böyük coşqu ilə Qarabağın yenidən tikintisinə könüllü cəlb olunması, dövlətimizin bir sıra infrastruktur layihələrini uğurla həyata keçirilməsi, ölkəmizin iqtisadi imkanlarının doğma yurdumuzun yenidən qurulmasına səfərbər edilməsi fərəhlə qeyd olunmalıdır. Dünya ictimaiyyəti bir daha gördü kü ermənilərin viran qoyduğu Qarabağ onun həqiqi sahibləri olan azərbaycanlıların geri qayıdışı ilə yenidən canlandı. Düşmənlərimiz dövlətimizin möhtəşəm qələbəsini, inkişafını həzm edə bilməməsi, təxribatları hər zamankı kimi öz başlarında çatlayacaq".
"İRƏLİ" İctimai Birliyinin Mətbuat katibi Arif Rəhimli: "Tarixə nəzər salsaq görərik ki, dünyada minlərlə xalq mövcud olsa da, heç də onların hamısına dövlət qurmaq, dünyanın siyasi xəritəsində yer almaq qismət olmayıb. Azərbaycan dünya tarixində min illərdir dövlətçilik ənənələrinə sadiq, öz müqəddəratını təyin edə bilən xalqlardan olub. Əlbəttə ki, bu proses kortəbii baş verməyib. Bütün bu hadisələrin arxa planında xalqın öz tarixini, dilini, mədəniyyətini nəsildən-nəslə ötürməsi, öz yaradılış və dövlətçillik tarixini unutmaması dayanır.
Xatırlayıram ki, uşaqlıqdan bizə “Vətən” sözünün mənasını izah edəndə çörəyini yediyimiz, suyunu içdiyimiz, havasını udduğumuz torpağı misal çəkərdilər. Əgər sual verilsə ki, Azərbaycan dövlətinin illərdir tarix səhnəsində mövcudluğunun əsas səbəbi nədir, bu suala xalqın qəlbində formalaşmış Vətən anlayışı və torpaq sevgisi cavabını verərdim. Çünki torpaq sevgisi olmasa, xalq nə öz müqəddəratını təyin edə, nə dövlətçilik ənənələrini qoruya, nə də, öz dilini, mədəniyyətini nəsildən-nəslə ötürə bilməz.
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün torpaqlarının beşdə birinin işğal altına düşməsi olduqca böyük problem idi. Çünki o zamanlar mövcud olan gərgin ictimai-siyasi vəziyyət, vahid ordu komandanlığının olmaması, ölkənin vətəndaş müharibəsinin bir addımlığında olması Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirirdi. O çətin şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra münaqişənin həlli istiqamətində ilk addımlar atılmağa başladı. Elə bu sahədə düşünülmüş siyasət və atılan addımlar sanki gələcək üçün səpilmiş toxumlar idi. O toxumlar ki, illər sonra cücərərək, Azərbaycan xalqının adının yanından “məğlubedilmiş” damğasını söküb atacaq, “qalib xalq” adını tarixin yaddaşına birdəfəlik həkk edəcək.
Tarix 27 sentyabr 2020-ci ili göstərəndə hər birimiz səhərimizi “Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb” xəbəri ilə açdıq. Dərsliklərimizin ilk səhifəsində yer alan “Qarabağı Unutma”, “Qan Yaddaşımız” yazıları, televiziyaların xəbərlər buraxılışlarında Xocalı, 20 Yanvar faciələrindən çəkilmiş kadrlar təhtəlşüurumuza elə yerimişdi ki, artıq heç kəsin ümidsizliyə qapılmağa mənəvi haqqı yox idi.
Biz Vətən müharibəsinin 44 gününü hər birimiz iliklərimizə qədər hiss etdik. O dövrdə övladının acı xəbərini alan şəhid anasının gözlərindəki o məğrur ifadəni hələ də xatırlayıram. Mən Qarabağı görməyən gənclərin müharibədə iştirak etmək üçün necə həvəslə səfərbərlik idarələrinə getdiyini xatırlayıram. Ordumuzun, Ali Baş Komandanın ətrafında Azərbaycan xalqının necə sıx birləşdiyini xatırlayıram. Əslində, xalqı millət edən elə məhz bu xüsusiyyətlərdir.
Azərbaycan ordusu Vətən müharibəsində elə qələbə qazandı ki, bu zəfər təkcə düşmənə deyil, bütün dünyaya Azərbaycan xalqının gücünü, ordumuzun şücaətini göstərdi. Qarabağın işğaldan azad edilməsi mən daxil olmaqla bütün Azərbaycan gəncliyində qürur, fəxarət, sevinc hissləri yaratdı. Bundan sonra ölkə gəncliyi olaraq qarşımızda böyük bir missiya var: Qazanılmış bu qələbəni qoruyub saxlamaq, onu daha da irəliyə apararaq, gələcək nəsillərə ötürmək”.
Aysel Əzizova-Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) Sosial Media üzrə meneceri: "Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar edir, işğal olunmuş ərazilərdən didərgin düşmüş soydaşlarımızın uzun illik torpaq həsrətinə son qoyulur. Torpaqlarımızın işğaldan azad olunması hər bir Azərbaycan vətəndaşı üçün mənəvi borc və qürur hissinin ən gözəl ifadəsidir. Xalqımızın çətin günlərin sınağına baxmayaraq, azadlıq mübarizəsindən heç vaxt vaz keçməməsi qürurvericidir.
Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərb yolu ilə həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu, tariximiz və mədəni irsimizin üzərində yad hakimiyyətin ağır yükünü görməyin acısı ilə yadda qalan qaranlıq bir səhifənin sonu deməkdir. Bu, xalqımızın öz yolunu təyin edə biləcəyi, itirdiklərini yenidən bərpa edəcəyi və adət-ənənələrimizin zənginliyini qeyd edə biləcəyi bir dövrdür.
Torpaqlarımızın işğaldan azad edilməsi təkcə siyasi hadisə deyil, eyni zamanda Vətən uğrunda şəhid olanların göz yaşlarını, azadlıq həsrətində olan nəsillərin arzularını, gənclərimizin parlaq gələcək vədlərini ifadə edir. Bu o deməkdir ki, biz nəhayət qürurla dayana, kimliyimizlə və haradan gəldiyimizlə fəxr edə bilərik və hüquqlarımıza hörmət edildiyi, səsimizin vacib olduğu, arzularımızın gerçəkləşə biləcəyi bir dünyaya baxa bilərik. Əminəm ki, ölkə Prezidentinin bərpa siyasətinin bu istiqamətdə göstərilən birgə səylərlə uğurlu nəticələri milli birliyimizin daha bir əyani təcəssümünə çevriləcəkdir".
NAYORA-nın Mətbuat katibi Aygün Kərimova: “Əvvala vurğulamaq istəyirəm ki, Şanlı ordumuz və Azərbaycan Respublikasının Müzəffər Ali Baş komandanı cənab İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad olunmasında göstərdiyi şücaət və qətiyyət hər birimiz üçün qürur mənbəyidir. Bir Azərbaycan gənci olaraq əminliklə deyə bilərəm ki, qələbəmiz son əsrlərin bizim üçün ən önəmli tarixi hadisələrindəndir. Torpaqlarımızın işğaldan azad edilməsi xalq olaraq tarixi və mədəni irsimizin qorunması, sülh və təhlükəsizlik mühitinin yaradılması, vaxtı ilə öz əzəli torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünklər üçün yenidən ümid işığı oldu. Onun nəticəsidir ki, hazırda işğaldan azad edilmiş ərazilər tam şəkildə yenidən qurulur, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılır, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri bərpa və inkişaf etdirilir. Təbii ki, bu yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Qarabağın dirçəlişində gənclər təşkilatları da yaxından iştirak edirlər.
Qeyd edim ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdama, Şuşaya, Zəngilana səfərlər təşkil edərək gənclər təşkilatları ilə birlikdə yaradılan şərait, infrastruktur obyektləri ilə yaxından tanış olmaq şansımız olub. 30 il həsrətin ardınca bu torpaqlarda böyük qayıdış zamanı gənclər təşkilatları tərəfindən həyata keçirələcək layihələrin və fəaliyyət istiqamətlərinin müzakirəsini apardıq. Yaxından şahidi olduq ki, gənclərimiz müharibə dövründə həm ön, həm də arxa cəbhədə informasiya müharibəsində necə aktiv idilərsə, böyük qayıdış prosesində də o qədər yaxından iştirak edərək, aktivliklərini nümayiş etdirilər.
Xüsusilə vurğulamaq istəyirəm ki, hər il 27 sentyabr ərəfəsində NAYORA tərəfindən torpaqlarımız uğruna canı, qanı uğrunda mübarizə aparmış qazilərimizin və şəhidlərimizin xatirələrini yad etmək, gələcək nəsillərə bu prosesləri doğru aşılamaq üçün silsilə tədbirlər keçirilir.
Sona doğru yaxınlaşarkən qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq”.
“Davam” Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli: "Cənab Prezident İlham Əliyevin hər zaman çıxışlarında vurğuladığı kimi Azərbaycan xalqı böyük, vətənpərvər, dəmir iradəyə malik olan xalqdır. 30 illik torpaq həsrəti xalqın iradəsini bir an belə olsun sındırmadı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusun şücaəti və xalqın həmrəyliyi ilə əzəli torpaqlarımız işğaldan azad olundu. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.
Azərbaycan gəncliyi istər ön cəbhədə çarpışıb-vuruşan, düşmənə sarsıdıcı zərbələr vuran bir əsgər, istərsə də informasiya müharibəsində əzmlə öz mübarizəsini dayandırmayan, Qarabağı görmədən sevən, tarixi anları yaşayan bir gəncdir. Hər şeydən öncə bir azərbaycanlı və bir gənc olaraq qürur duyuram ki, 44 günlük şanlı Vətən savaşının, tarixi Zəfərin şahidi olan gəncliyin nümayəndəsiyəm.
Bu gün hər birimiz fəxrlə deyə bilirik ki, biz qayıtdıq. Bu torpaqlara şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın igidliyi hesabına qayıtdıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı, əsgərlərimizə isə güc-qüvvət arzulayıram. Zəfərli günlər daim Azərbaycanla olsun!".
Ayşən Vəli