Son zamanlar bir sıra psixoloqlar arasında müxtəlif marafonlar təşkil edənlərin sayı artıb. Bəzilərininki həqiqətən faydalı olsa da, bir qisim var ki, bunu sırf pul xatirinə edərək insanları aldadır. Baxmayaraq ki, texnologiya dövrüdür və hər bir şeyi araşdırmaq mümkündür, amma hələ bu saxtakarların tələsinə düşənlərin sayı artmaqda davam edir. Üstəlik, aldanan şəxslər tərəfindən bu marafonlara ciddi məbləğdə vəsait də qoyulur. Bir çoxları deyir ki, hətta bu marafonlar insanda asılılıq yaradır. Yəni, bir dəfə özünu bu bəlaya salan bir daha ondan ayrıla bilmir. Sanki bircə dəfə bu marafona qoşulan insan, əgər növbətilərə qoşulmasa uğursuz olacağını, başına bir iş gələcəyini belə düşünür.
Bəs, nədir bu marafonlar? Nə işə yarayır? Hansı mənfi və müsbət cəhətləri var? İnsanlar necə aldadılır?
SİA mövzu ilə bağlı araşdırma edib.
Dünyada Marafon terapiyası nədir və necə tətbiq edilir?
Marafon müalicəsi dünyanın bir çox yerində müxtəlif terapiya üsullarında istifadə edilir və tədqiqata əsaslanan effektiv yanaşmadır. Marafon terapiyası ənənəvi terapiyadan fərqlidir. Ənənəvi üsulla müqayisədə müalicənin vacib hissəsini və ya hamısını daha sürətli və qısa müddətdə tamamlamaq mümkündür.
Ənənəvi terapiyada insan həftədə bir dəfə 1 seans terapiyaya gəlirsə, Marafon terapiyasında seanslar 2 seans olmaqla ardıcıl günlər keçirilir. İştirak ediləcək günlərin ümumi sayı psixoloqun tövsiyəsi ilə müştərinin özü tərəfindən müəyyən edilir.
Marafon terapiyasından sonra ənənəvi üsula keçir və həftədə bir dəfə seanslara davam edirlər. Coğrafi məsafəyə görə marafon terapiyasına üstünlük verilirsə, həftəlik seanslar onlayn keçirilir.
Terapevt, uyğun görüldüyü zaman seans tarixləri arasında ara verərək pasienti təqib edir. Sağlamlıq vəziyyəti çox uzun müddət müşahidə olunsa belə, terapiya tamamilə dayandırılmır.
Marafon terapiyasından kimlər faydalana bilər?
- Tez müalicə almaq istəyənlər;
- Coğrafi cəhətdən uzaqda olanlar.
Marafon terapiyasının üstünlükləri nələrdir?
- Problemi daha tez başa düşmək;
- Stabilizasiya, gündəlik həyat keyfiyyətinin sürətlə artması;
- Sağlamlığa inamın sürətlə formalaşması və bu vəziyyətin müalicəyə töhfəsi.
Marafon terapiyası gündə 2 ardıcıl seansdan çox edilə bilərmi?
Dissosiativ şəxsiyyət pozğunluğunun müalicəsi sıx bir zehni fəaliyyətdir. Ardıcıl 2 seansdan çox etmək yorucu olacağı üçün bir gündə maksimum 2 seans edilə bilər. Cütlük terapiyası gündə 8 ardıcıl seansa qədər edilə bilər.
Psixoloq Ruslan Kamilov: “Ölkədə psixoloqların fəaliyyətinə nəzarət edən, onların fəaliyyətini tənzimləyən, filtirizasya qurumlar və doğru-düzgün qanunlar yoxdur. Odur ki, biz kiməsə deyə bilmərik və ya kimisə bu məsələ ilə bağlı qınaya bilmərik.
Hər zaman pasyentlərimə bunu deyirəm. Getdiyiniz psixoloq, psixoterapevt, psixatrların təhsilləri ilə aldıqları təlimlərlə maraqlanın, neçə illik fəaliyyətləri var soruşun. Bu, qeyri-etik deyil.
Yalançı psixoloqlar az idi ölkədə, bir də başımıza yaşam koçları kəsiliblər. Özləri də bilmirlər ki, tam ixtisasları nədir.
Heç kim heç kimi hansısa xidmətə məcbur etmir. İnsanlar özləri maariflənməlidirlər. Kimin qəbuluna getdiklərini özləri araşdırmalı, xidməti düzgün təşkil edən mütəxəssisi ayırd etməyi bacarmalıdırlar”.
Psixoloq Zeynəb Eyyubova: “Mən hələ ki, heç bir marafon təşkil etməmişəm. Açığı buna vaxtım da yoxdur. Yalnız psixologiyadan bilgiləndirmə ilə bağlı dərs sistemi və kurslar təşkil etmişəm. Düşünürəm ki, insanlar artıq maariflənməlidir. Əgər bir psixoloq marafon təşkil edirsə, ilk olaraq onun təhsili və fəaliyyəti araşdırılmalıdır.
Bəzən insanlar simvolik rəqəmlərdən ibarət olan 5-10-15 AZN-lıq marafona qatılırlar. Bunun ciddi fəsadları olur. Təəssüflə qeyd edirəm ki, biz bunlara nəzarət edə bilmərik. Hər şeyin pisi-yaxşısı olduğu kimi, bu marafonların da mənfisi və müsbəti var”.
Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Azərbaycanda bir çox sahələrdə boşluqlar özünü göstərməkdədir. O cümlədən, səhiyyə, tibb və psixologiya sahəsi bura aiddir. Belə ki, istər orta, istər ali, istərsə də praktik psixologiya ilə məşğul olan şəxslərin demək olar ki, böyük əksəriyyəti pullu kurslardan diplom və sertifikat almış adamlardır. Bu şəxslərin Səhiyyə Nazirliyi tərəfindən ciddi sertifikasiyasını tələb edirik. Onların biliyi yoxlanılmalı və komissiya təşkil edilməlidir. Özünü bu cəmiyyətə sırımaq istəyən psixoloqlar aşkar edilməlidir. Millətin başında turp əkən psixoloq, yaşam koçu və s. tip şəxslər ciddi yoxlanmalıdır.
Bütün dünyada psixoloqlara böyük ehtiyac olduğu kimi, bu, Azərbaycanda da belədir. Məsələn, keçmişdə falçılıq və cadugərliklə məşğul olanlar indi psixoloq və yaşam koçu olub. Onlar sərvət sahibi olmaq üçün marafonlar təşkil edir. Əlbəttə, onların içərisində savadlı və tanınmış mütəxəssislər də var. Amma savadsızlar və heç öz adını belə yaza bilməyənlərin sayı da kifayət qədərdir.
“Motivasiyaedici” marafonlardan artıq insanların özü şikayətçidir. Bu cür insanların fırıldağına düşənlər vaxtilə müxtəlif oyunlarda öz pullarını qoymuş, muncuq əməliyyatlarında başı aldadılmış şəxslər indi də bu psixoloqların tələsinə düşürlər. Bu məsələdə cəmiyyətin özündə də təqsir var. Əgər intellektual səviyyəsi, psixoloji durumu və internetdən faydalanıb öz təhsilini artırmaq kimi yollar varkən, hansısa psixoloqun arxasınca düşməyin yeri yoxdur.
Psixologiya elmi çox ciddi bir sahədir və həmin elmə nəzər saldıqda dünyada ən çox inkişaf etmiş, ən bahalı xidmət növlərindən biridir. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahəni də inhisara almış fırıldaqçıların səyləri nəticəsində artıq bu elmə olan inam sarsılıb. Baxmayaraq ki, bizdə psixoloqa ehtiyacı olan uşaq və böyüklərin sayı get-gedə artmaqdadır. Bizim öz ixtisasını, sözün əsl mənasında, bilən ailə və pedaqoji psixoloqlara ehtiyacımız var.
Böyük bir psixoloji bazar var və bu bazarda kim nə istəyir öz piştaxtasına qoyaraq insanları aldatmaqla məşğuldurlar. Düşünürəm ki, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və digər dövlət qurumları bu məsələ ilə ciddi məşğul olmalıdır. Çünki bir cəmiyyətin psixologiyası həm də onun ümumi psixoloji durumu deməkdir. Əgər biz bu sahədə boşluqları doldurmasaq, vəziyyət bir qədər də çətinləşəcək.
Son zamanlar artıq virtual aləmdə də “psixoloqların və psixoloji xidmət göstərən şəxslərin” artdığını görürük. Bizim insanlar da oxuduqları hər bir şeyə inanırlar. Dünyanın hər yerində psixoloqlar həm də motivator kimi xidmət göstərirlər. Bizdə isə anti-motivatorluq dəbdədir”.
İndi isə gəlin nümunə üçün bir sıra marafonlara nəzər yetirək:
“Qəlbini şəfalandır” marafonunda insanlara verilən ümidlər: İstənilən münasibətin sağlam olması üçün, özümüzlə və başqaları ilə münasibətlərimiz möhkəm təməllər üzərində qurulmalıdır. Bu əsaslar şəxsi sərhədləri qorumaq və həyata obyektiv münasibət göstərməkdən keçir. Bu marafonda siz hər bir mövzuda bacarıqların necə əldə olunacağını ətraflı öyrənəcəksiniz.
“Arzulara çatmaq” marafonu: Arzularımızın gerçəkləşməsi üçün həm ruhumuz, həm bədənimiz, həm də zehnimizdə onun gerçəkləşməsini istəməlisiniz. Bu marafonda tapşırılanları yaşam tərzi kimi mənimsədikdə mümkünsüz xəyallarınızın gerçəkləşəcəyini görəcəksiniz.
Daha minlərlə belə marafonu misal çəkmək olar.
Psixoloq Nərgiz Hüseynova: “Bəli, hazırda bütün dünyada psixoloji və energetik marafonlar vüsət alır. Bunların içində, əlbəttə ki, saxtaları da var. Bu da insanların daxili ehtiyacından irəli gəlir. Çünki insanlar həyatlarında dəyişiklik etmək istəyirlər. Əgər bir insana bu vacibdir və lazımdırsa xeyirli marafonlara qoşulmaq, düzgün prosesləri yerinə yetirmək, özünü inkişaf etdirmək və öz üzərində işləmək çox tərifəlayiqdir. Hər insana lazımlı bir prosesdir. Amma insanları səhv yollara yönəldirlərsə, bunun zərəri də ola bilər. Səbəb isə işin peşəkar mütəxəssis tərəfindən icra olunmamasıdır.
Marafonların müsbət tərəfi də odur ki, insanlar özünü daha yaxşı tanımağa başlayır, öz daxili dünyasına daha çox zənginlik qatır və inkişaf edir. Yaxşı marafon insanlara yaxşı təsir edə bilər.
Amma yanlış insanlar tərəfindən edilən marafonlar insanları depressiya da sala bilər”.
Ayşən Vəli