“Rusiya-Ukrayna müharibəsi gün keçdikcə şiddətlənir” - POLİTOLOQ ŞƏRH ETDİ

14 Sentyabr 2023 17:07 (UTC+04:00)

“Artıq 367-ci gündür ki, Rusiya-Ukrayna müharibəsi davam edir və gün keçdikcə daha da gərgin hal alır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Amerika və NATO ölkələrinin Ukraynaya hərbi yardımları davam edir: “Yaxın zamanda F-16-lar da artıq Ukraynanın əlinə keçmiş olacaq. Bütün bunlar Ukrayna silahlı qüvvələrinin öz ərazilərini Rusiya silahlılarından təmizləməyə yönəlib. Artıq Ukrayna öz işğal edilmiş ərazisinin 50 faizindən artığını ruslardan təmizləyib. Bu istiqamətdə son günlərdə bir çox uğurlu əməliyyatlar həyata keçirir və ruslara böyük itki verirlər. Rusiyanın isə silah-sursatı azalmağa başlayıb. Hətta Şimali Koreya və İrandan silahlar alınmasına başlanılıb. Lakin İranın verdiyi PUA-lar yüksək nəticə göstərmir, Ukrayna hərbi hava qüvvələri tərəfindən vurulur. Amma istənilən halda Rusiyaya dəstək olan dövlətlərin başında İran və Şimali Koreya gəlir. Müharibənin ilin sonuna kimi bitməsi gözlənilmir. Görünən odur ki, nə Rusiya, nə də Ukrayna danışıqlara hazır deyil və istəmir”.