Tələbə adını qazanmış gənclər mükafatlandırılıblar

13 Sentyabr 2023 22:08 (UTC+04:00)

Bu il Tərtər rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 267 nəfəri ali məktəblərə, 148 nəfər orta ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 2 nəfər 600-dən yuxarı, 13 nəfər 500-dən yuxarı bal toplayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu faktlar Tərtər rayonunda ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən rayon gəncləri ilə keçirilən görüşdə səsləndirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.

M.Məmmədov ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ötən il rayonun Xoruzlu kəndində 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Bu tədris ilində Azad Qaraqoyunlu kənd və Tərtər şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar istifadəyə veriləcək. 3 nömrəli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərində cari təmir işləri aparılıb.

Tədbirdə digər çıxış edənlər də tələbə adını qazanmış gəncləri təbrik edib, onlara çalışqan olmalarını, dövlətimizin daha da qüdrətlənməsi və inkişafı üçün təhsil alacaqları təhsil müəssisələrində biliklər əldə etmələrini tövsiyə ediblər.

Gənclər tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, öz sevinclərini bölüşüblər. Sonda yüksək bal toplayan gənclərə fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.