“44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda yeganə vasitəçi Rusiya idi”. Bunu SİA-ya açıqlamasında “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Ermənistan və onun havadarları bu prosesə ATƏT-in Minsk qrupunu daxil etməyə çalışsalar da heç nəyə nail ola bilmədilər: “Yalnız Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra əvvəlcə Avropa Birliyi, sonra isə ABŞ bu prosesə aktiv müdaxilə imkanı qazandı. Qərb liderləri anladılar ki, Rusiyanın Ukrayna müharibəsində üzləşdiyi çətinliklər onu Cənubi Qafqaz bölgəsindən vurub çıxarmağa imkan verə bilər. Məhz Rusiyanın Ukraynada kifayət qədər problemlərlə üzləşməsi ABŞ və Avropa Birliyinə danışıqlarda təşəbbüsü ələ almaq imkanı verdi. Eyni zamanda, danışıqların mahiyyəti də dəyişdi və qısa müddətdə iki ölkə arasında “sülh sazişi”nin imzalanması istiqamətində səylər gücləndirildi. Bu gediş Rusiyanı qane etməsə də, onun bu prosesə mane olmaq imkanı müharibədən əvvəlki dövrlə müqayisədə o qədər də çox deyil. Əvvəl bəyanatlar verməklə bu sülh danışıqlarına mane olmağa çalışan Rusiya sonrakı dövrdə danışıqlar prosesində aparıcı mövqe tutmağa cəhdlər göstərməyə başladı. Hazırda sülh danışıqları Moskva və Vaşinqtonun rəqabəti şəraitində davam edir. Brüsseldə və Avropa Siyasi birliyi çərçivəsində aparılan danışıqlar mühüm əhəmiyyətə malik olsalar da, yardımçı xarakter daşıyırlar”.
Abutalıb Səmədov onu da bildirdi ki, ötən il “sülh sazişi”ni imzalamaq üçün münbit şərait yaranmasına baxmayaraq Ermənistanın tutduğu mövqe bu addımı atmağa imkan vermədi: “Hadisələrin gedişi razılaşmanın bu il imzalanmasını da sual altında qoyur. Ancaq həm münaqişə tərəfləri, həm də ABŞ və müttəfiqləri yaxşı anlayırlar ki, nə qədər Ukrayna müharibəsi davam edir və Rusiya bu prosesə aktiv müdaxilə edə bilmir, sülh razılaşmasını imzalamaq lazımdır. Çünki Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağını heç bir samballı ekspert söyləməyə cəsarət etmir. Ancaq Qərbin müəyyən dairələrində belə bir fikir formalaşıb ki, Ukraynanın işğal olunmuş bütün ərazilərini azad etməsi mümkün olmayacaq. NATO ofisinin rəhbərinin Ukraynanı işğal olunmuş torpaqları Rusiyaya güzəştə getməyə və bu şərtlə NATO-ya üzv olmağa çağırması bu münasibətin ifadə olunması kimi qiymətləndirilməlidir.
Davam edən Rusiya-Ukrayna müharibəsində kimin qalib gələcəyi kifayət qədər mübahisəli olsa da, bir məsələ aydındır ki, “sülh sazişi” mümkün qədər yaxın aylarda imzalanmalıdır. Əks halda, müharibədən qalib çıxacağı təqdirdə Rusiya bölgəmizdə hələ çox problemlər yaratmaqda və Azərbaycanın müstəqilliyi üçün yeni təhdidlər törətməkdə davam edəcək”.