"İlk dərs gününün Ulu Öndərlə bağlı olması ən böyük uğurlardandır"” - DEPUTAT ŞƏRH ETDİ

12 Sentyabr 2023 11:02 (UTC+04:00)

“2023-cü il Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev ili” elan edilib. 100 il bundan əvvəl Heydər Əliyev anadan olmuş, bütün həyat və faəliyyətini Azərbaycana həsr etmişdir. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurucusu kimi tarixdə iz qoyub. Bu gün də Ümummilli Liderin dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Buna görə də bu günün gəncinin, şagirdinin ilk dərs günü “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusundakı mühazirə ilə başlayır. Əslində gənclərimiz sözün həqiqi mənasında vətənpərvər ruhda tərbiyə olunub. Buna əyani misal isə 44 günlük Vətən müharibəsidir. Əgər dünyaya gələn uşaq, Azərbaycan övladı ilk olaraq ailəsində vətənpərvər ruhda tərbiyə edilməsə, orta məktəb müəllimləri Vətənin şirinliyini onlara öyrədə bilməsə idi, 44 günlük müharibədə düşməni darmadağın etməyimiz də sual altına düşərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, məktəbin üzərinə böyük məsuliyyət düşür: “Belə ki, hər bir Azərbaycan gənci Azərbaycan tarixini mükəmməl bilməli, Azərbaycan dilində səlis danışmalı və Azərbaycanın dünya tarixindəki yerini müəyyən etməlidir. Öyrəndikləri isə gənclərimizə Azərbaycanın böyük tarix, ədəbiyyat, mədəniyyət sahibi olduğunu göstərəcəkdir. Ən əsası isə heç bir zaman ölkəmizin başqa dövlətin torpağında gözü olmamasıdır. Bu əsl başıucalığıdır.

Azərbaycan məktəblisinin ilk dərs gününün Heydər Əliyevlə başlaması çox doğru addımdır. Çünki Ulu Öndər bu dövlətin qurucusu, Azərbaycan xalqının xilaskarıdır. Ümummilli Lider böyük şəxsiyyətdir. Heydər Əliyev bütün dünyanı inandırdı ki, Azərbaycan xalqının yolu demokratiyadır. Dövlət başçısı İlham Əliyev də Ulu Öndərin Azərbaycançılıq ideologiyasını davam etdirir və Azərbaycanı uğura aparır. Bu yol isə təbii ki, ilk dərs günündən keçir. Bu baxımdan da ilk dərs gününün Ulu Öndər Heydər Əliyevlə bağlı olması təhsil siyasətinin ən böyük uğurlarından biridir”.