Şəki Dövlət Dram Teatrı sentyabrın sonlarına təyin edilən yeni mövsümün açılış günündə teatrsevərlərə Azərbaycan klassik dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-xırsi- quldurbasan” komediyası əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək. Tamaşa Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Hariz Əhmədov, Nərmin Abbasova, Aydın Əlibalayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə, Rəsul Məmmədrəhimov, Pərviz İsmayılov, Orxan Həmidli, Qurban Rəsulov, Elvin Mabudov, Azad Məmmədov və Rəşad Rüstəmov ifa edirlər.
Lalə Məmmədova bildirib ki, 4-cü rüb üçün planda, həmçinin teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.