Şahin Seyidzadə UNESCO Ümumdünya İrs Komitəsinin 45-ci Sessiyasında iştirak edir

11 Sentyabr 2023 19:52 (UTC+04:00)

İdarə Heyətinin sədri Şahin Seyidzadə Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyasında iştirak edir. Qurumdan SİA-ya verilən məlumata görə, 10-25 sentyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyası keçirilir. Tədbirdə ölkəmizin adından iştirak edən nümayəndə heyətinin tərkibində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini İdarə Heyətinin sədri Şahin Seyidzadə təmsil edir.

Sessiya çərçivəsində 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, irs abidələrinin mühafizəsi və digər cari məsələlər müzakirə olunur.

Səfər çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru cənab Vebber Ndoro ilə iş görüşməsini keçirib.