"MTK-lar bu halda bizi aldada bilməzlər" - EKSPERT AÇIQLADI

6 Sentyabr 2023 14:50 (UTC+04:00)

"Təbii ki, çıxarışlı mənzilləri eyni anda iki nəfərə satmaq mümkün deyil. Çünki alqı-satqı notariusla aparılır. Çıxarışın seriya nömrəsi ilə əmlakın kimə məxsus olduğu avtomatik olaraq aidiyyəti qurumların bazasında görünür. Amma müqaviləli mənzillərin alqı-satqısında MTK-lar tərəfindən aldadılan şəxslər çoxdur. Bugünədək məhkəmə tərəfindən 5200-dən artıq şəxs zərərçəkmiş kimi qeydə alınıb. Həmin zərərçəkmişlər tikinti şirkətləri tərəfindən aldadılıb". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, yenitikili binalardakı müqaviləli mənzillərin hüquqi bazası yoxdur: "Yəni, yenitikili binalardan mənzil alan şəxs onun başqa birinə məxsus olub-olmaması barədə tikinti şirkəti və ya hər hansısa bir dövlət orqanından məlumat ala bilmir. Belə mənzillərin bazası yalnız həmin tikinti şirkətinin özündə olur. Bu da bəzən həmin binalardan əmlak almaq istəyən vətəndaşlarda qorxu yaradır".

Ekspert sözlərinə davam edərək bildirib ki, əvvəlki illərlə müqayisədə bu problemlər daha azdır. Yenə də vətəndaş yenitikili binadan mənzil alarkən alqı-satqı prosesində vəkil və ya hüquqşünasa müraciət etsə, daha yaxşı olar. Çünki hüquqşünas və ya bu sahəni bilən adam tikinti şirkətinə lazım olan sualları yönləndirəcək. Eyni zamanda, həmin bina üzrə bazar araşdırması aparmaq lazımdır. Vətəndaş əliçatan bütün resurslar vasitəsilə həmin bina ilə bağlı məlumat əldə etməlidir ki, problem yaşamasın".

Ləman Sərraf