“Dünyanın hər yerində məktəb həm təhsil, həm də tərbiyə ocağıdır. Hər bir xalqın gələcəyi təhsillə, elmə bağlıdır. İstənilən inkişafın bünövrəsində elm durur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan məktəblisi isə vətənə məhəbbəti öyrənə bilməsəydi, 44 günlük müharibədə qazandığımız qələbədən danışmaq çox çətin olardı: “Yəni məktəb öz üzərinə elm və təhsil verməklə yanaşı, böyük bir məsuliyyət götürür. Şagirdlər məktəbdə vətənini, qonşu dövlətləri və necə əlaqə qurulmalı olduğunu da öyrənməlidir. Lakin cib telefonları şagirdin hərtərəfli şəkildə ümumi inkişafına mane olursa, məktəblərə gətirilməsinə qadağa qoyulması təqdir edilməlidir. Təbii ki, yaşadığımız dövrdə cib telefonunun qadağan edilməsinin müəyyən çatışmazlıqları da olacaq. Çünki bir çox informasiyaları bizə çatdıran, ən uzaqdakı ilə belə əlaqə qurmağımıza yardımcı da məhz telefonlardır. Buna görə də şagirdlər telefondan belə səmərəli istifadə edərək, onu öz inkişaflarında həlledici vasitəyə çevirə bilərlər”.