“Xınalıq Şərqi Qafqazın ən yüksək dağlıq yaşayış məntəqəsidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

5 Sentyabr 2023 14:14 (UTC+04:00)

“Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilməsinə dair sərəncamı Azərbaycan maddi-mədəni irsinin qorunmasında böyük töhfə olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Sadiq Qurbanov qeyd edib ki, ölkə başçısı Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidələrin olmasını nəzərə alaraq belə bir sərəncam imzalamışdır: “Sərəncam mədəni irsimizin öyrənilməsi və mühafizəsi istiqamətində atılmış mühüm addım olmaqla bərabər turizmin inkişafı üçün orada münbit şərait yaradılmasını özündə ehtiva edir.

Hesab edirəm ki, bu sərəncam həm mədəniyyətimizin tədqiqi, həm də turizmin inkişafı üçün gözəl töhfə olacaq. Onu da qeyd edim ki, Xınalıq kəndi Şərqi Qafqazın ən yüksək dağlıq yaşayış məntəqəsidir (2300 metr). Kəndin sakinləri Dağıstan dilləri qrupuna daxil olan unikal dildə danışırlar. Xınalıq Quba rayonunun yüksək dağlıq hissəsində yerləşən və öz dili olan altı kənddən biridir”.