"Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası" qəbul olunub. Ölkəmizdə günümüzün informasiya mühafizəsi, kiber qəzanın qorunması fəaliyyətləri sürətlə inkişaf etməktədir. Sözü gedən Strategiyanın müəyyən maddələrinə əsasən kibercinayətkarlıqla mübarizə, kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair normativ bazanın təkmilləşdirilməsi hüquqi proseslərin inkişaf etdirilməsinə imkan yaradacaq. Bununla yanaşı adı keçən maddələrin daxilində maarifləndirilmiş cəmiyyət, sahənin fərdlər arasında inkişafı informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi gələcəkdə yarana biləcək risklərin minimuma endirilməsi və qarşısının alınmasında böyük rol oynayacaq". Bu sözləri SİA-ya açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Şahin Alıyev deyib.
Onun sözlərinə görə, sözügedən sənədlərdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, kibertəhlükəsizliyin gücləndirilməsi tədbirləri texniki və metodik vasitələrin yaradılması, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərindən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın yaradılması və s. bu kimi əsaslar qarşıya qoyulub: "Ümumilikdə bildiyimiz kimi kiberhücumların sayında artım müşahidə olunur. Bu cür hücumların qarşısının alınmasında xüsusən bu sahədə fəaliyyət göstərən dövlət qurumları daima mübarizə aparmaqdadırlar. Hücumlarlarla mübarizədə ən önəmli faktor isə vacib şəkildə maarifləndirmə fəaliyyətlərinin təşkilidir. Adı keçən strategiyanın daxilində bu məsələyə xüsusi toxunulub. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, adı keçən strategiyanın hazırlanmasında xüsusi dövlət və bu sahədə fəaliyyət göstərən özəl qurumların birgə fəaliyyətləri olmuşdur".
Ekspert sözlərinə davam edərək bildirib ki, kibertəhlükəsizliyin inkişafı, ölkəmizdə kadr potensialının gücləndirilməsi və İT profilli şirkətlərə güzəştlərin tətbiqi ilə bağlı ölkə başçısının demək olar ki, bütün cari illər ərzində Fərmanı olub: "Düşünürəm ki, ölkə başçısı tərəfindən bu sahəyə göstərilən diqqət təktərəfli olmayacaq, bu güzəştlərdən istifadə edərək böyüyən şirkətlər də kadr potensialının gücləndirilməsinə öz töhvəsini verəcəkdir. Bu elə bir istiqamətdir ki, təhsil müəssisələri, sahə üzrə fəaliyyət göstərən şirkətlər, texnoparklar birgə çalışaraq daha keyfiyyətli kadrlar yetişdirmək üçün maraqlı olmalıdırlar.
İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında dövlət qanunu və gələcəkdə bu qanunun təkmilləşdirilməsi bununla yanaşı yeni qanun təklifləri, strategiya və bunun kimi bir çox faəliyyətlər sahənin ölkəmizdə sürətlə inkişaf etməsinin əyani sübutudur".
Ləman Sərraf