Ölkəmizdə gender bərabərliyi diqqət mərkəzindədir - TƏHLİL

1 Sentyabr 2023 18:40 (UTC+04:00)

Gender siyasətinin əsasını ilk növbədə kişilərin və qadınların ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində bərabərliyi təşkil edir. Hər bir dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsi dedikdə də elə bu bərabərlik nəzərdə tutulur. Gender siyasəti dedikdə, istər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi başa düşülür.

Gender bərabərliyi, qadın və kişilər arasında bərabərlik dünyanın heç də hər yerində eyni şəkildə, eyni səviyyədə deyil və elə bu baxımdan da bütün dünyada ən aktual məsələlərdən biri hesab olunur. Ümumiyyətlə, diqqətə çatdıraq ki, gender məsələlərinə hər zaman qlobal səviyyədə nəzarət olunur, daim diqqətdə saxlanılır və dünyanın ən inkişaf etmiş ölkələrində belə gender siyasətinə xüsusi önəm verilir. Elə ölkəmizdə, Azərbaycanda da gender siyasətinə, qadın və kişilər arasında bərabərliyə həssas yanaşılır, xüsusi diqqət ayrılır və şəxsən ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda da gender siyasəti uğurla həyata keçirilir. Gender siyasətinin, qadın və kişilər arasında bərabərliyin təmin olunması üçün ölkəmizdə hüquqi baza da mövcuddur və təsadüfi deyil ki, bütün sahələrdə kişilər və qadınlar arasında bərabərlik təmin olunub və ölkəmiz bu istiqamətdə də nümunə hesab olunur.

Heç şübhəsiz ki, kişilər və qadınlar arasında bərabərliyin təmin olunması təkcə huquqi baza və qanunvericilikdən asılı olmur. Çünki heç də bütün hallarda bu məsələ qanun müstəvisinə daşına bilmir və əksər hallarda mövcud stereotiplər buna mane olur. Məhz stereotiplərə görə bəzən insanlar öz haqq və hüquqlarından istifadə etmirlər, bunu nəzərə almaqdan da çəkinirlər. Elə stereotiplər insanların bərabərliyinə mane olur və bu hallara bizim cəmiyyətimizdə də rast gəlinir. Amma heç də belə olmalı deyil və cəmiyyət özü də məhz bərabərliyin təmin olunması üçün çalışmalı, ya kişinin, ya da qadının hüquqlarının, ümumiyyətlə, bərabərliyin pozulmasına imkan verməməlidir. Ümumiyyətlə, insanlar bərabərlik anlayışından qorxmamalıdırlar və bilməlidirlər ki, gender bərabərliyi dedikdə, nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi başa düşülməməlidir.

Tarix boyu qız uşaqlarına, qadınlara münasibət müzakirə mövzusu olub və xüsusən də hələ qədimdən Azərbaycanda bu müzakirələrə daha çox rast gəlinib, çünki stereotiplər var idi, hansıki onlar gender məsələlərinə hər zaman öz mənfi təsirləri ilə yadda qalıb. Təsadüfi deyildi ki, XIX əsrin sonlarında Bakıda ilk Qızlar Seminariyasının açılmasına nail olan Hacı Zeynalabdin Tağıyev də bu təşəbbüsünə görə elə Bakıda da az qala top-tüfənglə qarşılanmışdı. "Qız hara, təhsil hara", "Qadının yeri ərinin dizinin dibidir", deyən qoçu və dindarlar Tağıyevi qınayırdılar, səbəb isə, əlbəttə ki, onu qınamağa rəvac verməli olan mövcud stereotiplər idi. Əlbəttə ki, Hacı Zeynalabdin Tağıyev onu qınayanlara öz başa düşdükləri tərzdə, onların ağlına batacaq şəkildə cavab verməklə, bir növ razılıqlarını almış, vəziyyəti tamamilə əks istiqamətdə dəyişdirə bilmişdi. "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, çünki gözləri açılar, külfətdə rəftarları xoş olar. İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan da doğulan uşaqlar özü-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə, ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey varmı? Molla Əli Hacı Xəlil oğlu, qulaq as, mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur", deyə Hacı öz dövrünün qoçularını da, dindarlarını da başa salmışdı ki, müsəlman qızlarının təhsil alması elə şəriət baxımından da təqdirəlayiqdir və deməli, vacibdir. Onun fikirlərinin əksinə söz tapa bilməyənlər təbii ki, razılıq vermişdilər qız övladlarının təhsil almalarına. Deməli, stereotiplərin aradan götürülməsi lazım gəlirmiş, gərəkirmiş ki, məsələ kökündən həll olunsun.

Mental düşüncədə olan əsassız çərçivələr bəzən kişi və qadın arasındakı bərabərliyin pozulmasına rəvac verir. Bəzən din adından istifadə edilərək, müxtəlif şəkildə bərabərsizliyə rəvac verilir. Əslində isə heç də İslam dini bərabərsizliyə, ayrıseçkiliyə yol vermir. İslam əxlaqı insanlara həyatın bütün sahələrində bərabər olmağı tövsiyyə edir. Hələ əsrlər öncə İslam dini kişi və qadınların bərabərliyini tərənnüm edib və bu yanaşma hələ də davam edir. Kişi və qadınlar arasında bərabərsizliyə yol verilməsində İslam dinini səbəb göstərmək yanlışlıqdır, düz deyil. Çünki dinimiz qadınlara, yaxud kişilərə münasibətdə bərabərsizliyi qəbul etmir və ümumiyyətlə islam dinində ayrıseçkiliyə qətiyyən bəraət qazandırılmır.

Əslində, gender məsələlərində az da olsa bəzi xoşagəlməz hallara rast gəlinməsinə baxmayaraq, kişi və qadınlar arasında bərabərliyin təmin edilməsində Azərbaycan dünya ölkələrinin əksəriyyətindən öndədir və hətta, birincilər sırasındadır. Əvvəla, Azərbaycan xalqı müsəlman dini mənsubiyyətlidir və qeyd etdiyimiz kimi, İslam əxlaqı da bərabərsizliyə yol verilməsinin əleyhinədir, hansıki kişi və qadınlar arasında bərabərliyi tövsiyyə edən bir dini yanaşma bunun əleyhinə çıxış edə bilməz. İslam əxlaqı, dini dəyərlərimiz bərabərliyin təminatında xüsusi rol oynayıb və bu zamana qədər də dinimiz xalqımızı bu bərabərliyi qorumağa sövq edib. Digər tərəfdən tarixi faktlar özü də xalqımızın bərabərliyin əleyhinə olmadığını təsdiq edir. Diqqətə çatdıraq ki, Şərqdə ilk dəfə seçmək, seçilmək hüququ Azərbaycan qadınına məxsus olub. Qadınlarımızın cəmiyyətdə rolunun artması ötən əsrin əvvəllərindən müşahidə edilib. Xatırladaq ki, 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını da Azərbaycan qadını, beynəlxalq konfransda çıxış edən azərbaycanlı qadın Həmidə Məmmədquluzadə qoyub. Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşən Azərbaycan, qadınlara səsvermə hüququnu hələ 1920-ci ildə verən Amerikanı da, həmin hüququ 1944-cü ildə verən Fransanı da qabaqlayıb və bu baxımdan demək olar ki, müsəlman şərqində Azərbaycan məhz gender bərabərliyi məsələsində inqlab etmiş olub.

Tarixi faktlar təsdiq edir ki, Azərbaycan qadınları hələ ötən əsrin əvvəllərindən etibarən ictimai proseslərdə kişilərlə bərabər çalışıblar. Bu ənənə indi də davam edir və yenə də belədir. Həyatın bütün sahələrində qadınların kişilərlə bərabər olduğu göz önündədir. İstənilən vəzifədə, dövlət qulluğunda və hərhansı sahədə desək qadınlar kişilərlə bərbər çalışırlar. Qeyd etmək yerinə düşərdi ki, qadınlar hətta çalışdırları işin, vəzifələrin, tapşırıqların, üzərlərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlirlər. Bu gün Milli Məclisdə belə çoxlu sayda qadın millət vəkillərimiz, deputatlarmız var ki, onlar öz fəaliyyətləri ilə kişilərdən geri qalmırlar və dövlətimiz də bunun üçün şərait yaradır. Azərbaycan qadını məktəblərdə, ali təhsil ocaqlarında, universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur, elmi kəşflər edir, müxtəlif sahələrdə uğurlar qazanır və elmin də, mədəniyyətin də inkişafına töhfələr verir. Ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında qadınlarımız Azərbaycanı xaricdə təmsil edirlər və bütün bunların da öhdəsindən layiqincə gəlirlər. Azərbaycanın yetərincə diplomat qadınları belə var.

Sözsüz ki, qadınların rolunun artması, kişilərlə bərabər ictimai həyatın bütün sahələrində çalşmasında dövlətimizin rolu danılmazdır. Azərbaycan dövləti qadınların kişilərlə bərabər hüquqlara sahib olması, çiyin-çiyinə çalışması üçün şərait yaradıb və imkanları da genişləndirib. İstənilən bir sahədə qadınların işləməsi, çalışması üçün qadağa yoxdur. Hətta, buna hansısa şəkildə, kimlərsə tərəfindən mane olunmasına belə imkan verilmir. Bir sözlə, ölkəmizdə gender məsələlərinə həssas yanaşıldığı göz önündədir və kişilərlə qadınların bərabərliyi hər zaman diqqət mərkəzində olub və yenə də diqqət mərkəzindədir. Bütün sadalanan faktlar isə onu deməyə əsas verir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var və gələcəkdə də bu bərabərliyin qorunmasının təmin ediləcəyinə zərrə qədər şübhə ola bilməz.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.