"Hisslərimi sözlərlə ifadə etmək mənim üçün çox çətindir" - TƏLƏBƏLƏR TƏƏSSÜRATLARINI BÖLÜŞDÜ

1 Sentyabr 2023 12:20 (UTC+04:00)

Bildiyimiz kimi ötən gün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. SİA mövzu ilə bağlı universitetə yeni qəbul olmuş tələbələrin fikirlərini öyrənib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznesin idarə edilməsi ixtisasına qəbul olan Ülviyyə Orucova: "Sevdiyim ixtisas, universitet və fakültəyə qəbul oldum. Hislərimi sözlərlə ifadə etmək mənim üçün çox çətindir. Seçimimdən çox razı qaldım. Qəbul olduğum kodlaşdırma da 6-cı sırada olan ixtisasdır.

Məni seçəcəyim qrupa və universitetə ailəm yönləndirdi. Bu barədə onların mənə maddi-mənəvi dəstəyi çox böyük oldu. Əslində xəyalımdakı ixtisas hüquqşünaslıq idi. Sadəcə oradakı ballar məlum məsələdir.

Orta məktəbdə dərslərimi çox yaxşı oxuyurdum. Ən çox güclü olduğum fənn isə Tarix idi. Tarixi yaxşı bildiyim üçün siniflər arasında fərqlənirdim.

İmtahanöncəsi çox böyük stress və depressiya keçirmişəm. O günləri xatırlamaq istəmirəm. Düşünürəm ki, özüm kimi həyəcan və stress keçirən ikinci bir insan yoxdur.

Universitetlə bağlı bir sıra arzularım var. Əvvəla mən də hər tələbə kimi bolca gəzib əylənmək istəyirəm. Bu mənim çəkdiyim əziyyətlərin qarşılığıdır. Gələcəkdə öz biznesimi qurub idarə etmək arzusundayam. Bunun baş tutması üçün daim çalışacağam. Abituriyentlərə məsləhətim odur ki, daim əzmlə çalışın və əsla ruhdan düşməyin".

Azərbaycan Memarlıq və İnşaat universitetinin (AZMİU) Tikinti və İqtisad fakültəsinin Davamlı inkişafın idarə edilməsi ixtisasına qəbul olan Eltun Balakişiyev: "Universitet və ixtisas seçimimdən çox razıyam. Artıq 10-cu sinifdə oxuyandan qərar vermişdim ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olacağam. Kodlaşdırmada üçüncü yerə düşdüm. Bu məsələlərdə mənə bacım çox kömək etdi. Düşünürəm ki, ixtisas seçimi məsələlərində ailədə birinin məlumatlı olmağı abituriyentə çox böyük dəstəkdir.

Uşaqlıqda xəyalını qurduğum xüsusi bir peşə yox idi. Əsas deyirdim ki, nə olursa olsun, təki xeyirlisi olsun. Orta məktəbdə daim dostlarımla birlikdə çalışırdım ki, universitetə qəbul olum. Bu xoşbəxtliyi ailəmə və məni sevənlərə bəxş etmək istəyirdim. İmtahan öncəsi də ancaq qəbul olmaq barədə düşünürdüm. Sanki beynimi bu yöndə kodlaşdırmışdım.

Universitetlə bağlı xəyallarım çoxdur. Bunların başında təbii ki, hər bir gənc tələbə kimi gəzib əylənmək dayanır. Amma hər şey öz vaxtında və yerində olmalıdır. Gələcəklə bağlı ciddi hədəflərim var. Ən əsası dövlətimə layiqli vətəndaş və uğurlu bir işçi olmaq istəyirəm.

Abituriyentlərə söyləmək istəyirəm ki, əsla ümidinizi üzməyin. Bu yolda əmin addımlarla irəliləyin. Ən pis olan halda belə ruhdan düşməsinlər. Bütün tələbə adını qazananları təbrik edirəm".

Ayşən Vəli