Dünən Gəncə Dövlət Universitetinin Tarix- Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuş Nazən Abbaszadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Universitet və ixtisas seçiminizdən razısınız? Kodlaşdırmada neçənci yerə qəbul oldunuz?
- Bəli, seçimimdən çox razıyam. Kodlaşdırdığım ixtisasların 2-cisinə qəbul oldum. Kodlaşdırmada birinci yerə ADPU-nun Coğrafiya müəllimliyi, ikinciyə GDU Tarix-Coğrafiya müəllimliyi, üçüncüyə SDU Tarix-Coğrafiya müəllimliyi, dördüncüyə ADPU Şəki filialı Coğrafiya müəllimliyi, beşinciyə isə GDU Coğrafiya müəllimliyini qeyd etmişdik. Qeyd edim ki, hər birini dövlət sifarişli əsaslarla kodlaşdırmışdıq. Nəticədən çox razı qaldım.
- Bu qrupa verməyə necə qərar verdiniz? Sizi kim yönləndirdi? Kim məsləhət gördü?
- Əslində, əvvəllər 1-ci qrupa hazırlaşmaq istəyirdim.Təsadüf nəticəsində Coğrafiya müəllimi olan qohumumuz dəyərli Radə müəllimlə söhbətdən sonra Coğrafiya elminə marağım artdı və ailəmin də məsləhəti ilə 10-cu sinifin əvvəlində ixtisas qrupumu dəyişərək 2-ci qrupu seçdim.
- Bəs uşaqlıqda xəyalını qurduğunuz bir peşə var idimi?
- Ailəmizdə nənəm müəllimədir. Uzun illər Tərtər rayon 1 saylı məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb. Müəllimlik sənətini mənə sevdirən də məhz nənəm olub. Müəllimliyin nə qədər ulvi sənət olduğunu bilirdim. Nənəmin adını daşımaqla bərabər onun davamçısı olmağı seçdim və bu gün gələcəyin müəllimi kimi çox qururluyam.
- Orta məktəbdə oxuyarkən digər şagirdlərdən nə iləsə fərqlənmisiniz? Ümumiyyətlə, orta məktəbdə necə oxuyurdunuz?
- Orta məktəbdə oxuduğum müddətdə hər zaman barəmdə müəllim kollektivi tərəfindən ailəmə xoş sözlər deyilib. Çalışmışam ki, sinif yoldaşlarım və müəllimlərimlə səmimi münasibətdə olum. Ünsiyyətcil olduğum qədər, həm də daim sərhədləri qorumuşam.
- İmtahan öncəsi stress necə? Çox həyəcan keçirdiniz?
- Ümumiyyətlə, çox narahat və özumə qarşı tələbkar biriyəm. Bu da mənə ailəmdən keçib. Atdığım addımdan öncə onun nəticəsini düşünən biriyəm. Çox həyəcan keçirmişəm. Amma bununla bərabər qazanacağım uğura inanmışam.
- Tələbələr çox vaxt universitet illərində gəzib əylənmək istəyir. Sizin necə hər gənc kimi belə istəkləriniz var?
- Hər zaman universitetə qəbul olmaq arzusunda olmuşam. Bəli, tələbə olmağın nə qədər gözəl bir hiss olduğunu tələbə olan yaxınlarımdan eşitmişəm. Amma hər şeyin öz qədərində gözəl olduğunu da bilirəm. Mənim universitet dövründə daha böyük məqsədlərim var. Əlaçı olmaq və ailəmin mənə göstərdiyi ehtimadı doğrultmaq istiyirəm. Əyləncənin hər zaman olacağını bilir, ona görə də universitet dövründə daha çox çalışıb peşəkar olmaq arzusundayam.
- Gələcək karyeranız üçün nə düşünürsüz, ixtisasınızla bağlı hədəfləriniz nələrdir?
- Gələcəklə bağlı planlarım sonsuzdur. Bakalavr təhsilindən sonra mütləq magistr təhsili almaq istiyirəm. Savadlı olmaqla yanaşı, tanınmış müəllim olmaq kimi hədəfim var. Təhsilimi xarici ölkələrin birində davam etdirmək ve ölkəmə dönərək xalqıma layiqincə xidmət etmək istəyirəm.
- Başqa abituriyentləri ruhlandırmaq üçün onlara nə deyə bilərsiniz?
- Bu gün tələbə olsam da, mən də dünənin abituriyentiyəm. Bu il 11-ci sinifdə oxuyan şagirdləri çox gözəl başa düşürəm. Onlara özlərinə inanmağı, seçdikləri yolda qətiyyətlə addımlamağı və arzularının ardınca getməkdən çəkinməməyi tövsiyə edirəm. Uğur insanın öz əlindədir. İradə, əzm və çalışmaq bu yolda bizim ən böyük dayağımızdır. Abituriyentlər əziyyətlə bərabər istirahət və qidalarına da fikir vermələrinin vacib olduğunu bilməlidirlər. Hər kəsə bu məsuliyyətli və qürur dolu yolda uğurlar arzu edirəm.
Son olaraq ailəmə və məni bu yolda dəstəkləyən hər kəsə göstərdikləri etimada görə təşəkkür edirəm.
Ayşən Vəli